Azərbaycan Mərkəzi Bankı ölkə üzrə inflyasiya proqnozunu yeniləyib və riskləri qiymətləndirib

İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə istehlak qiymətlərinin dinamikasında nəzərəçarpacaq dəyişiklik müşahidə edilməmişdir. Rəsmi statistikaya görə noyabrda illik inflyasiya 2.6% təşkil etmişdir ki, bu da hədəf diapazonunun aşağı həddinə daha yaxındır.

Bütövlükdə, 12 ayda istehlak səbətinə daxil olan məhsulların 8.8%-nin qiyməti dəyişməmiş, 15.4%-nin qiyməti aşağı düşmüşdür. Bahalaşan məhsul və xidmətlərin 46.4%-nin qiymət artımı 2%-dən aşağı olmuşdur.

İstehlak səbətində əhəmiyyətli çəkiyə malik ərzaq məhsulları üzrə qiymət indeksi noyabrda illik əsasda 4.8% artmışdır. Dünya ərzaq qiymətlərində artım meyillərinin güclənməsi inflyasiya idxalı kanalı ilə daxili ərzaq inflyasiyasına təsir göstərən əsas amillərdən biridir. Dünya ərzaq qiymətləri noyabrda əvvəlki aya nəzərən 2.7%, ötən ilin eyni dövrünə nəzərən isə 9.5% yüksəlmişdir. Digər tərəfdən mövsümü amillər bəzi yerli kənd təsərrüfatı mallarının qiymətlərinə artırıcı təsir edir.

Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templərinin (müvafiq olaraq 1% və 0.9%) azalması ümumi inflyasiyaya məhdudlaşdırıcı təsir göstərir.

Əlverişli xarici şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik, adekvat monetar mühit, inzibati qiymətlərin dinamikası və aşağı inflyasiya gözləntiləri ümumi inflyasiyanın aşağı səviyyədə qalmasını dəstəkləyən başlıca amillərdir.

Faktiki inflyasiyanın aşağı səviyyəsi və milli valyutanın məzənnəsinin dayanıqlığı inflyasiya gözləntilərinin stabil qalmasına imkan verməkdədir. Real sektor monitorinqinin nəticələrinə görə noyabrda əvvəlki aya nəzərən 3 aylıq qiymət gözləntiləri qeyri-neft emal sənayesi, tikinti və xidmət sektorlarında azalma, ticarət sektorunda isə artım meylinə malik olmuş, bütövlükdə indeks neqativ zonada qərarlaşmışdır.

Son meyilləri nəzərə almaqla Mərkəzi Bank cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshihlər etmişdir. Yenilənmiş proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın 2.8-3% intervalında olacağını göstərir. Mövcud makroiqtisadi meyillərin davam etməsi halında 2020-ci ildə də inflyasiyanın dinamikasında əhəmiyyətli dəyişikliklər gözlənilmir.

İnflyasiya riskləri. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından bəri inflyasiyanın risklər balansında əhəmiyyətli dəyişiklik baş verməmişdir. Profisitli tədiyə balansı, dayanıqlı məzənnə, adekvat monetar şərait və aşağı inflyasiya gözləntiləri qiymətlərə sabitləşdirici təsir göstərir.

Ortamüddətli dövrə risklər əsasən xarici sektorla – qlobal iqtisadi artımın səngiməsi, bunun enerji daşıyıcıları qiymətlərinə mümkün təsirləri və dünya ərzaq bazarında bahalaşmanın davam etməsi ilə bağlıdır. Beynəlxalq Valyuta Fondunun son qiymətləndirmələrinə görə qlobal iqtisadi artım tempi qlobal maliyyə böhranından keçən dövrdən ən aşağı səviyyəyə enmişdir. Fond növbəti il və ortamüddətli dövrə qlobal iqtisadi aktivliyin artım tempini azalma istiqamətində təshih etmişdir. Daxili risk faktorlarına isə genişlənən büdcə xərcləri nəticəsində pul kütləsinin artması və istehlak kreditlərinin inflyasyon genişlənməsi aiddir. Ortamüddətli dövrdə də pul siyasəti ilə sıx koordinasiya edilmiş qayda əsaslı fiskal siyasət qiymət sabitliyinin dayanıqlığının əsas şərtlərindən biri olaraq qalacaqdır.

Mərkəzi Bank faiz dəhlizi parametrlərinə dair növbəti qərarlarını faktiki və hədəflənən inflyasiyanın uzlaşma dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcəkdir.

Bu qərar 13 dekabr 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2020-ci il yanvar ayının 31-də ictimaiyyətə açıqlanacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır