Logistika və ticarətin inkişafına dair müəyyən edilmiş tədbirlərin 6 %-nin  icrası tamamlanıb

2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”də müəyyən edilmiş tədbirlərin 6 %-nin  icrası tamamlanıb, 45 %-nin  icrası üzrə işlərə başlanılıb.

Belə ki,  Ələt Azad Ticarət Zonasının yaradılması ilə əlaqədar bir sıra investorların cəlb edilməsi istiqamətində işlər görülüb, ilkin olaraq Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkəti ilə danışıqlar aparılıb. Eyni zamanda logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi  istiqamətində avtomobil yollarının və bu yollardakı körpülərin, qurğuların və suötürücü boruların ağır yüklərə qarşı etibarlığının və prioritet marşrutlarda yük hədlərinin artırılması məqsədilə reabilitasiya layihələrinin hazırlanması üçün müvafiq norma və standartlar hazırlanıb.

Azərbaycanda yükdaşıma və yükaşırma xidmətlərinin təkmilləşdirilməsi istiqamətində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində limanın avadanlıqlarla təminatı məqsədilə 6 portal kranın sifarişi verilmiş, limanın tikintisinin ilkin baş planı üzrə ekspertlərlə birgə optimallaşdırma aparılıb və layihəyə dəyişiklik edilərək yükaşırma potensialı 10 milyon ton və 50 min TEU-dan 15 milyon ton və 100 min TEU-ya çatdırlıb.

“Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırılmış İdarəetmə Sistemi yaradılıb. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində 8.3 km uzunluğunda “Astara Azərbaycan-Astara İran” yeni dəmir yolu xəttinin və Astara çayı üzərindəki dəmir yolu körpüsünün  tikinti işləri başa çatdırılıb. Dəmir yolu körpüsündən İran ərazisində tikiləcək dəmiryol stansiyasına və yük terminalına qədər (İran İslam Respublikasının ərazisində) 1,4 km-lik hissənin 500 p.m dəmir yolu xətti çəkilib.

“Azad zonalar haqqında” Azərbaycan Respublikası qanununun ilkin versiyası hazırlanaraq hökumətə təqdim edilib.

Qeyd edək ki,  “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Azərbaycan Texnologiya Universiteti arasında cari ilin aprel ayında kadr hazırlığı üzrə memorandum imzalanıbvə Cəmiyyət tərəfindən Universitetdə logistika laboratoriyası yaradılaraq tələbələlərin istifadəsinə verilib.

Keçidə daxil olaraq Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti ilə bağlı qrafiklə tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır