Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib

Avqustun 8-də Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İqtisadi inkişaf və ticarət naziri Aleksey Ulyukayevlə görüşüb. Görüşdə Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyəti vurğulanıb.

Nazir Şahin Mustafayev Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının yaradılmasında məqsəd ölkələrimiz arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, eləcə də iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. İclasın Azərbaycan, Rusiya və İran prezidentlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli formatda görüşünə təsadüf etdiyini qeyd edən nazir Şahin Mustafayev dövlət başçılarının görüşünün tarixi hadisə olduğunu, bu görüşün əməkdaşlığa yeni impuls verəcəyini vurğulayıb.
Rusiya Federasiyasının İqtisadi inkişaf və ticarət naziri Aleksey Ulyukayev ölkələrimiz arasında investisiya fəallığını qeyd edərək, maşınqayırma, investisiya, bank, gəmiqayırma və digər sahələrdə səmərəli əməkdaşlığı vurğulayıb.

Tədbir Azərbaycan və Rusiya tərəfindən kənd təsərrüfatı, maşınqayırma, səhiyyə, bank, neft-qaz, energetika və s. sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkətin nümayəndəsinin iştirak etdiyi ikitərəfli görüşlərlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır