Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti MDB dövlətlərinin Ticarət-Sənaye Palataları rəhbərlərinin görüşündə çıxış edib

Sentyabrın 8-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev MDB dövlətlərinin Ticarət-Sənaye Palataları rəhbərlərinin onlayn formatda video-konfransında fəxri qonaq qismində iştirak edib.

Konfederasiyanın prezidenti qonaqları salamlayaraq, bu vacib tədbirin təşkilindəki əməyinə görə Özbəkistanın Ticarət Sənaye Palatasına və onun rəhbəri Adham İkramova təşəkkürünü bildirib.

M.Musayev Azərbaycanın MDB ölkələri ilə əməkdaşlıq əlaqələrinə toxunaraq, iqtisadi dövriyyənin son illər artdığını vurğulayıb.

ASK prezidenti bildirib ki, 2019-cu ildə MDB dövlətləri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 4,610 milyard dollar təşkil edib. Azərbaycan bu ölkələrə 1,178 milyard dollarlıq məhsul ixrac edib, 3,433 milyard dollar dəyərində isə idxal əməliyyatları aparılıb. MDB ölkələri arasında ən yüksək ticarət dövriyyəsi (3,022 milyard dollar) isə Rusiya Federasiyası ilə qeydə alınıb. Rusiyanın Azərbaycan kənd təsərrüfatı məhsulları üçün ən böyük bazar olduğunu vurğulayan M.Musayev Azərbaycan ilə Rusiya arasında səmərəli ikitərəfli ticarət rejiminin tətbiq edilməsinin ticarət əməliyyatları üçün daha səmərəli imkan yaratdığını söyləyib. Ermənistandan başqa digər MDB ölkələri ilə Azərbaycan arasında azad ticarət rejiminin qurulduğunu vurğulayan Konfederasiya prezidenti, MDB dövlətlərinin İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində Azərbaycanın da iştirak etdiyini xatırladıb.

M.Musayev “COVİD-19” pandemiyası ilə əlaqədar Azərbaycanda prezident cənab İlham Əliyevin iqtisadiyyata dəyən ziyanın minimallaşdırılması məqsədilə imzaladığı dəstək paketləri barədə geniş məlumat verərək məşğulluğun, makroiqtisadi və maliyyə sabitliyinin qorunması üçün 3,5 milyard manat həcmində sosial-iqtisadi dəstək paketinin icra olunduğunu qeyd edib.

Konfederasiyanın prezidenti video-konfrans iştirakçılarına təşkilat və onun fəaliyyət istiqamətləri barədə məlumat verib. Beynəlxalq Sənaye və Sahibkarlar Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı da daxil olmaqla 15-ə yaxın beynəlxalq təşkilatda Azərbaycan sahibkarlarını ASK-nın təmsil etdiyini diqqətə çatdırıb.

“Hesab edirik ki, milli iqtisadiyyatları və xüsusən də müəssisələri pandemiyanın qısa və uzunmüddətli nəticələrinə hazırlamaq lazımdır. İqtisadiyyatın sağlamlaşdırılması tədbirlərinin, MDB dövlətləri arasında elektron ticarət dövriyyəsinin genişləndirilməsinin, üzv ölkələrdə qida təhlükəsizliyinin dayanıqlığının təmin edilməsi üçün birgə profilaktik tədbirlərin qəbul edilməsini, habelə turizm, nəqliyyat, xidmətlər, kiçik və orta sahibkarlıq daxil olmaqla ən çox təsirlənən sahələrə xüsusi yanaşmanın tətbiqini, pandemiya və post-pandemiya dövrləri üçün fərqli platformalarda təcrübə mübadiləsini həyata keçirməyi təklif edirik”, – deyə ASK prezidenti çıxışında bildirib.  

Sonda M.Musayev konfransın işinə uğurlar arzulayaraq, gələcək əməkdaşlıqda müvəffəqiyyətlər diləyib. 

Konfransda ticarət palatalarının hesabatları dinlənilib və hesabatlar ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır