Azərbaycan sahibkarları Daşkənddə keçirilən Biznes və İnvestisiya Forumunda iştirak ediblər

5 oktyabr 2019-cu il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) üzvü olan ölkələrin Biznes və İnvestisiya Forumu keçirilib.  

Özbəkistan Baş Nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarovun moderatorluğu ilə keçirilən Forumda 55 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edib. Azərbaycan nümayəndə heyətinə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev rəhbərlik edib.

Forumda tikinti materiallarının istehsalı, dərman vasitələri, kənd təsərrüfatı, turizm, qida sektoru, tekstil, informasiya və rabitə texnologiyaları, kimya, neft və qaz sənayesi, maşınqayırma, elektrik mühəndisliyi və digər sahələrdə çalışan, müxtəlif türkdilli ölkələrdən gələn 400-dən artıq iş adamı qatılıb.

Forumun rəsmi hissəsində Özbəkistan Baş Nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarov türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev Özbəkistanın bu quruma üzv olmasını mühüm hadisə adlandıraraq bundan sonra üzv ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlərin ölkə iqtisadiyyatının inkişafına əsaslı dərəcədə təsir göstərdiyini qeyd edib.  M.Musayev bu ilin altı ayında Azərbaycanın qeyri-neft sənayesinin 15,7%, ticarət dövriyyəsinin 20%-dən çox,  qeyri-neft ixracının 15%, kənd təsərrüfatı məhsullarının istehsalının isə 13% artdığını vurğulayıb.

M.Musayev həmçinin Azərbaycanla Özbəkistan arasında ticarət münasibətləri barədə məlumat verərək bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il 43,9 milyon ABŞ dolları təşkil edib. Bu, 2017-ci illə müqayisədə 46,3% artım deməkdir. Bu tendensiya cari ildə də davam edib və bu ilin 7 ayı ərzində Özbəkistan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 83% yüksəlib, 38,6 milyon dollara çatıb.

Qeyd edək ki, hazırda Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və digər sahələri əhatə edən Özbəkistan kapitallı 30-a yaxın şirkət, Özbəkistanda isə Azərbaycan kapitallı 80-ə yaxın şirkət  fəaliyyət göstərir. Bununla belə, ticarət dövriyyəsinin və qarşılıqlı iqtisadi münasibətlərin inkişafı üçün münbit şərait mövcuddur.

Hesab edirik ki, Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ölkələrimizin real potensialını əks etdirmir. Hər iki ölkə bu sahədə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

Forumda digər ölkələrin nümayəndələri də çıxış edərək əlaqələrin daha da genişləndirilməsi istiqamətində həyata keçiriləcək işlərdən danışıblar.

Biznes forum çərçivəsində Türk dünyasının işadamlarının  ikitərəfli görüşləri də keçirilib.

Biznes və İnvestisiya Forumu çərçivəsində, Daşkənd şəhərində Türkdilli ölkələrin Biznes Şurasının İdarə Heyətinin görüşü də keçirilib. Görüşdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri iştirakçı, Macarıstan nümayəndələri müşahidəçi və Türkmənistan nümayəndələri qonaq qismində  iştirak  ediblər. Həmin görüşdə Türkdilli ölkələrin Biznes Şurasının İdarə Heyəti  üzvlərinin məruzələri dinlənilib.

Özbəkistan Ticarət-Sənaye Palatasının sədri Adxam İkramov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyə Ticarət Palatası və Birjasının prezidenti çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin əhəmiyyətindən danışıblar.

Türk Şurası Ticarət-Sənaye Palatasının sədri Rifat Hisarçıklıoğlu Türk Şurasının yaradılması bu ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsinə, iqtisadi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasına təkan verdiyini vurğulayıb və Türk Şurasına daxil olan ölkələr arasında xarici ticarət əlaqələrinin inkişafına ciddi önəm verilməsinə ehtiyac olduğunu bildirib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev iştirakçıları, cari ilin 14-15 oktyabr tarixlərində Bakıda Türk Şurasının Zirvə Görüşü çərçivəsində keçiriləcək biznes foruma dəvət edib: “Sevindirici haldır ki, türkdilli dövlətlər arasında ticarət əlaqələri gündən-günə güclənir və düşünürəm ki, bu sahədə hələ çox işlər görməliyik. Azərbaycan Prezidenti İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin inkişafına böyük önəm verir. Azərbaycan türkdilli ölkələrin iqtisadiyyatına 15 milyard dollar sərmayə qoyub və bu istiqamətdə işlər davam etdirilir”.

Görüşdə digər ölkələrin nümayəndələri də Türk Şurasının dirçəldilməsi ilə bağlı öz fikirlərini bölüşub.

Daşkənd şəhərində keçirilən Biznes və İnvestisiya Forumu oktyabrın 6-da öz işini başa çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır