Azərbaycan süni intellekt indeksində 64-cü yerdədir

Azərbaycan süni intellekt indeksində 64-cü yerə layiq görülüb. Bu barədə “Oxford Insights” və “Beynəlxalq İnkişaf və Tədqiqat Mərkəzi” (IDRC) tərəfindən tərtib edilən “Government Artificial Intelligence Readiness Index 2019” hesabatında qeyd olunub. Hesabatda Azərbaycan Respublikasının süni intellektdən yararlanma dərəcəsi 11 mümkün bal üzərindən 5.244 bal ilə qiymətləndirilib. Respublikamızla həmsərhəd olan ölkələrdən yalnız Türkiyə (5.879 bal) və Rusiyadan (6.748 bal) geri qalırıq.

Hesabatda ilk yeri 9.186 bal ilə Sinqapur tutub. Ötən illərin hesabatlarında ilk yerdə qərarlaşan Birləşmiş Krallıq isə 9.069 bal ilə bu il ikinci yerə geriləyib. Siyahıda Almaniya (8.810 bal) üçüncü, ABŞ (8.804 bal) dördüncü, Finlandiya (8.772 bal) isə beşinci yerdə qərarlaşıb. Hesabatın ilk onluğu isə müvafiq olaraq İsveç (8.674 bal), Kanada (8.674 bal), Fransa (8.608 bal ), Danimarka (8.601 bal) və Yaponiya (8.582 bal) ilə tamamlanıb. Süni intellektin yayılmasına və hökumətin bu yöndəki hazırlığına görə sonuncu yerə layiq görülən ölkə Somali Federativ Respublikası (0.168 bal) olub.

Məlumat üçün qeyd edək ki, “Government Artificial Intelligence Readiness ” indeksi əsas 11 göstərici üzrə hesablanır və bu göstəricilər əsasən 4 qrupda öz əksini tapır. Bu qruplar hökumətin idarəçilik səviyyəsi, infrastruktura və məlumat bazasının mövcudluğu, ölkənin təhsil səviyyəsi və onun şaxələnməsi, eləcə də ictimai xidmətlərin mövcudluğudur.

Hesabatda, süni intellekt texnologiyalarının 2030-cu ilədək dünya iqtisadiyyatında 15 trilyon ABŞ dolları həcmində töhfə verəcəyi ilə bağlı məlumat da yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır