Azərbaycan –Türkiyə biznes forumu keçirilib

Sentyabrın 16-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)  və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən ticarət, sənaye, energetika, nəqliyyat və logistika, tikinti, kənd təsərrüfatı, maliyyə, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın iş adamı iştirak edib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Türkiyə Respublikasının Xarici İiqtisadi Əlaqələr Qurumunun rəhbəri Nail Olpak biznes forum iştirakçılarını salamlayaraq təmsil etdikləri qurumların fəaliyyəti və iş adamları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər  barədə məlumat veriblər.

Biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərə yüksək qiymət verərək müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” prinsipi əlaqələrimizin inkişafında möhkəm təməldir. Dövlət başçılarının səmimi dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsi istiqamətində verdikləri tapşırıqlar Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsini şərtləndirən əsas amillərdir. Hər iki ölkədə Prezident seçkilərindən sonra dövlət başçısı səviyyəsində ilk səfərlərin qarşılıqlı olaraq həyata keçirilməsi ənənəsi onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlər və qardaş dövlətlərdir. Bu gün keçirilən tədbirdə Türkiyə Respublikasının Vitse-Prezidentinin iştirakı bu əməkdaşlığa ən yüksək səviyyədə verilən dəstəyin göstəricisidir.

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır