Azərbaycan və İran gömrük xidmətləri arasında görüş keçirilib

Dekabrın 20-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında ikitərəfli işçi görüş keçirilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə İran İslam Respublikasının Gömrük İdarəsi arasında “Məlumat mübadiləsi sistemi üzrə” Texniki Təminat Sənədinin müzakirəsi və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunub.

Görüşdə Azərbaycan və İran arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili və gömrük hüquqpozmalarına qarşı mübarizədə əməkdaşlıq və qarşılıqlı yardım məsələləri müzakirə olunub. Həmçinin, görüş zamanı məlumat mübadiləsi sisteminin test rejimindən aktiv mərhələyə keçidi barədə qərar qəbul olunub.

Qeyd edilib ki, artıq Azərbaycan və İran arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin tətbiqinə başlanılıb. Belə ki, risklərin idarə edilməsi sistemi vasitəsilə iki ölkə arasında keçirilən mallar və nəqliyyat vasitələrinin “yaşıl dəhliz” buraxılış sistemindən istifadəsi təmin olunacaq. Bu isə sərhəddə mallar və nəqliyyat vasitələrinin hərəkətini daha da sürətləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır