Azərbaycan və RF Sverdlovsk vilayəti arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayətinin qubernatoru  Yevgeniy Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, məzarı üzərinə çiçək dəstələri düzüblər. Rusiya nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.

Sonra İqtisadiyyat naziri Şahin Mustafayev Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir.

Görüşdə vurğulanıb ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında ticarət dövriyyəsinin həcmində davamlı artım müşahidə edilir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 50%-ə yaxın hissəsi Azərbaycanın payına düşür. Ötən il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 19%, bu ilin yanvar-iyul ayları ərzində isə 23% artıb. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə birinci yerdədir. Təkcə ötən il Azərbaycandan Rusiyaya ixrac edilən meyvə-tərəvəzin həcmi 550 min tondan çox olub və ixrac həcminin bir milyon tona çatdırılması imkanları mövcuddur.

Nazir qeyd edib ki, Azərbaycan Rusiyanın federal subyektləri ilə sıx əməkdaşlıq edir və Sverdlovsk vilayəti Azərbaycan üçün vacib tərəfdaşdır. 2018-ci ildə Azərbaycanın Rusiya Federasiyasının Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsi 83% artaraq 95 mln. dollara çatıb. 2019-cu bu göstəricinin 100 mln. dollardan çox olmasını hədəfləyirik.

Bu ilin iyul ayında Yekaterinburq şəhərində Azərbaycan Şərab Evinin açılması qarşılıqlı əməkdaşlığın real nəticəsidir. Qeyd edilib ki, sabah keçiriləcək Azərbaycan-Rusiya biznes forumunda Sverdlovsk vilayətindən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək. Biznes forum çərçivəsində Azərbaycan və Rusiya şirkətləri arasında kənd təsərrüatı məhsullarının ixracının təşviqi, şərab ixracının dəstəklənməsi  və s. barədə sənədlərin imzalanması nəzərdə tutulur.

İqtisadiyyat naziri ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya, o cümlədən Sverdlovsk vilayətinə ixracı, maşınqayırma, metallurgiya, kimya, yüngül sənaye, İKT, və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin Azərbaycanın sənaye parklarında iştirakı, kiçik və orta sahibkarlıq, nəqliyyat-logistika, səhiyyə, turizm, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi potensialını diqqətə çatdırıb, maşınqayırma və elektrik avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşmış Rusiya şirkəti ilə Azərbaycanda qaldırıcı kran və avadanlıqların istehsalı sahəsində birgə müəssisənin yaradılmasını təklif edib.

Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşev Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın Rusiya Federasiyası və onun federal subyektləri ilə əməkdaşlığının uğurla inkişaf etdiyini, bu sahədə işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Yevgeniy Kuyvaşev iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması üçün potensialı diqqətə çatdırıb. Qubernator 23-dən çox ali təhsil müəssisəsinin yerləşdiyi Sverdlovsk vilayəti ilə Azərbaycan arasında elmi-texniki və humanitar sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.

Sonra Azərbaycanın biznes mühiti və investisiya imkanları, sənaye parkları, Sverdlovsk vilayətinin sənaye potenisalı, görüşdə iştirak edən Azərbaycan və Rusiya şirkətləri arasında əlaqələrin inkişafı imkanları barədə məlumat verilib.

Görüşdə Azərbaycan və Rusiya Federasiyasının Sverdlovsk vilayəti arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti  arasında ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında Saziş imzalanıb. Sənədi Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyası Sverdlovsk vilayətinin qubernatoru  Yevgeniy Kuyvaşev imzalayıblar.

Tədbirdə həmçinin, Bakı Dövlət Universiteti və Rusiyanın birinci Prezidenti B.N. Yeltsin adına Ural Federal Universiteti arasında əməkdaşlığa dair Memorandum, Azərbaycan Dillətr Universiteti və Rusiyanın birinci Prezidenti B.N. Yeltsin adına Ural Federal Universiteti arasında əməkdaşlığa dair Müqavilə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır