Azərbaycan X-Road texnologiyasını tətbiq edən qabaqcıl ölkə kimi təqdim olunub

Dünyanın ən məşhur xəbər agentliklərindən biri olan Euronews, Azərbaycanı X-Road texnologiyasını tətbiq edən qabaqcıl ölkə kimi təqdim edib. Bu texnologiyaların imkanlarından və bu imkanlardan istifadə edən qabaqcıl ölkələrdən bəhs edən reportaj gün ərzində bir neçə dəfə yayımlanıb. Xəbər eyni zamanda kanalın rəsmi internet səhifəsində də yerləşdirilib. Qeyd edək ki, Estoniyadan sonra bu texnologiyadan istifadə edən ikinci ölkə olan Azərbaycanda həm elektron hökumət platforması, həm də Rəqəmsal Ticarət Qovşağı X-Road əsasında qurulub. Azərbaycandan sonra isə Finlandiya və Ukrayna bu texnologiyanın istifadəsinə başlayıb. Euronews-ın verdiyi məlumata əsasən, hal-hazırda Şərqi Avropada səfərdə olan Yaponiya baş naziri Şinzo Abe də X-Road texnologiyası ilə yaxından maraqlanır.

Qeyd edək ki, X-Road dünyada ilk dəfə ən qabaqcıl rəqəmsal cəmiyyətə malik Estoniya tərəfindən istifadə olunub. Bir məlumat mənbəyi və şaxələndirilmiş qoruyucu bağlantılar X-Roadun aşağı qiymət və təkmilləşdirilmiş təhlükəsizlik təklif etməsinə imkan verir. Estoniyada 52 min təşkilat tərəfindən istifadə olunan X-Road məlumat idarə platforması il ərzində 500 milyon müraciət qəbul edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır