Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

Vergilər Nazirliyinin verdiyi məlumata əsasən, iyulun 20-də Bakı Biznes Mərkəzində Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndələri ilə görüşüb.

Nazir iqtisadiyyata investisiyaların cəlb edilməsi üçün əlverişli vergi mühitinin yaradılması məsələsinə də toxunaraq qeyd edib ki, bu gün Azərbaycanın vergi sistemi fiskal məqsədlərə deyil, həm də ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması kimi məqsədlərə də xidmət edir. Azərbaycanda vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün Vergilər Nazirliyi tərəfindən ciddi vergi-büdcə təhlilləri aparılır. Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılması ilə yanaşı sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi məsələləri həmişə vergi orqanlarının diqqət mərkəzindədir.

Çıxışının sonunda vergilər naziri qeyd edib ki, vergi inzibatçılığının ölkədə yaranmış yeni iqtisadi şəraitin tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məqsədilə ötən ilin dekabr ayında vergilər nazirinin rəhbərlik etdiyi xüsusi Komissiya yaradılıb və həmin Komissiya tərəfindən vergi inzibatçılığının əsas istiqamətləri üzrə təşkil olunmuş işçi qruplarının təklifləri əsasında vergi sistemində aparılması zəruri olan islahatlarla bağlı bir sıra  işlər həyata keçirilib.

AmCham-ın prezidenti İlqar Vəliyev Vergilər Nazirliyi ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirərək Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən AmCham-ın ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlı olduğunu vurğulayıb. Qeyd edilib ki, Vergilər Nazirliyi ilə əməkdaşlığın nəticəsi olaraq qurum tərəfindən artıq 5-ci ildir ki, vergi partnyorluğu mövzusunda Konfranslar təşkil edilir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür.

İ.Vəliyev bu günkü görüşdə məqsədin ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, və s. məsələləri müzakirə etmək olduğunu diqqətə çatdırıb.

Sonra biznes strukturlarının nümayəndələri ilə onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, görüş iştirakçılarının sualları cavablandırılıb.

Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyinin və AmCham-ın nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır