Azərbaycanda ilk BioPlastik zavodu tikiləcək

11 dekabr tarixində İnnovasiyalar Agentliyinin dəstəyi ilə “TechnipFMC” və “Yeni Kapital” şirkətləri arasında “PLA” layihəsinin tikintisi üçün ilkin müqavilə imzalanıb. Sənədi İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli, “TechnipFMC” şirkətinin prezidenti Marko Villa, “TechnipFMC”nin ölkə üzrə meneceri Luici Fiorentino və “Yeni Kapital” şirkətinin CEO-su Kənan Nəcəfov imzalayıb.

Layihənin tikintisi İnnovasiyalar Agentliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkında nəzərdə tutulur ki, bu da layihəni vergi və gömrük güzəştləri ilə təmin edəcək.
Layihə ətraf mühitin, su hövzələrinin ekoloji təmizliyi və insan sağlamlığı baxımından çox əhəmiyyətlidir. Bioplastik, başqa polimerlərlə müqayisədə təbiətdə çox tez çürüyür və bu çürümədən alınan maddə bioloji baxımdan təhlükəsiz, təmiz məhsul sayılır. Bioplastik ətraf mühitə və insan sağlamlığına təhlükə yaratmır. Onun istehsalı nəticəsində təbiətə buraxılan CO2 (karbon qazının) həcmi sıfra bərabərdir. Bioloji tərkibli və təbiətdə çürüyən “PLA” polimeri geniş tətbiq olunan neft əsaslı plastikləri əvəzləyə biləcək.

“PLA” xüsusi texnoloji proseslər (fermentləşdirmə, saflaşdırma, oliqomerləşmə və polimerləşmə) nəticəsində şəkərdən əldə edilmiş məhsuldur. Qarğıdalı və şəkər onun istehsalı üçün xammal mənbəyidir. “PLA” birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsulların (qida qabları, çanta, müxtəlif təyinatlı əşyalar) istehsalında tətbiq olunacaq.
“PLA” fərqli sektorlarda yeni sahələrin (tibbi qurğular, bioloji parçalanan mebellər, 3D çap, yüksək texnoloji avadanlıqlar, toxuculuq və s.) yaranmasına da təkan verəcək. Əhalinin məşğulluğu üçün əhəmiyyətli sayılan bu layihə çərçivəsində sənaye, kənd təsərrüfatı, təkrar emal, xidmət, logistika və bir sıra başqa istiqamətlərdə yeni iş yerləri açılacaq.
Mövcud plana görə, ilk 3-5 il ərzində zavodun tikinti və quraşdırılmasında 1000-dən artıq insan-mühəndis və inşaatçı çalışacaq. Növbəti illərdə isə bu layihə ilə bağlı müxtəlif sahələrdə çalışanların sayı 7 min nəfərdən artıq olacağı gözlənilir.

“PLA” layihəsi sayəsində ölkəmizə hər il 100 milyon dollardan çox valyuta daxil olması gözlənilir. Layihənin illik gəliri ən azı 110 milyon dollar olacaq. Qoyulan investisiyanın isə 5 il müddətinə qaytarılması nəzərdə tutulub

“PLA” layihəsinin ilkin dəyəri 150 milyon avro təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır