Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan məhkəmə sisteminin tarixində ilk dəfə olaraq Elektron Məhkəmənin mobil versiyası təqdim olunub. Qeyd edək ki, “Mobil Elektron Məhkəmə” yeni proqram təminatı Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupu tərəfindən hazırlanıb.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, hazırda Azərbaycanda hakimiyyətin hər üç qolu – qanunverici, icra və məhkəmə – üzrə sistemli islahatlar aparılır: ““Mobil Elektron Məhkəmə” proqram təminatı ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq, ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirəcək, məhkəməyə müraciət imkanlarını genişləndirəcək və ədalət mühakiməsi mexanizmlərinin effektivliyini artıracaq. Beləliklə, ““Mobil Elektron Məhkəmə” proqram təminatı vətəndaş-mərkəzli bir addım olmaqla həm də sahibkarların işini asanlaşdırcaq, resurslara qənaət edəcək və səmərəliliyi artıracaq. Nəzərə alanda ki, Azərbaycan qeyri-rezidentlərə m-rezidentlik təqdim edir, onda bütün dünyada Azərbaycanın “Mobil Elektron Məhkəmə” tətbiqindən istifadə etmək olacaq.”

Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov bildirib ki, 29 noyabr 2019-cu il tarixi artıq əlamətdar günə çevrilir, çünki həmin tarixdən vətəndaşlar və sahibkarlar istifadəyə verilən yeni mobil tətbiq vasitəsi ilə “Elektron məhkəmə” informasiya sisteminin, o cümlədən Vahid Məhkəmə Portalının bütün imkanlarından daha mobil qaydada faydalana bilərlər.

Qeyd edək ki, “Mobil Elektron Məhkəmə” vasitəsilə məhkəmələrə mobil telefondan elektron qaydada iddia ərizələri vermək, sənədlər göndərmək, məhkəmə proseslərinin keçiriləcəyi vaxt və yer barədə məlumatlandırılmaq, məhkəmə qərarlarının elektron almaq, hakim və məhkəmə barədə ümumi məlumat əldə etmək, məhkəmə statistikası ilə tanış olmaq və s. müasir imkanlarda istifadə etmək mümkündür.

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır