Azərbaycanda ilk dəfə “İnnovasiya Festivalı” keçiriləcək

29 may – 4 iyun tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, eləcə də təşkilatçılığı ilə Gənclər və İdman, Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və “Azercell” şirkəti ilə birgə “İnnovasiya Festivalı” (“İnnoFest”) keçiriləcək.

“İnnovasiya Festivalı” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planı”nın müvafiq yarımbəndlərinin icrası üzrə Azərbaycan Respublikasında startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi və yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə təşkil edilir.

“İnnoFest” çərçivəsində qlobal təşkilatların, şirkətlərin və nüfuzlu şəxslərin iştirakı ilə sammit və forumlar, robotexnika yarışları, kiber idman turnirləri, innovasiya, startap müsabiqələri, sərgilər, texnopartilər və məşhur müğənninin iştirakı ilə konsert təşkil ediləcək.

Beləliklə, hər il Avropa, Yaxın Şərq və MDB olmaqla, üç regionda keçirilən “Monex Summit” tədbiri bu il 30 may – 1 iyun tarixlərində Bakıda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır