Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək

Cari ilin 18-24 oktyabr tarixlərində Azərbaycanda ikinci dəfə təşkil olunacaq “InnoWeek – İnnovasiya həftəsi”  ilə bağlı mətbuat konfransı keçirilib.

Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunacaq. Tədbirlər Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılır.

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində 18 oktyabr tarixində “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalı keçiriləcək. Bakı və region qalibləri arasından 2019-cu il üzrə qaliblər müəyyən ediləcək. Finalda layihələr mütəxəssislərdən ibarət münsiflər heyəti qarşısında təqdim ediləcək. Jüri tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi meyarlar qiymətləndiriləcək. Təşkilatçılar və tərəfdaşlar tərəfindən ilk üç yerin sahiblərinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

19 oktyabrda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi  çərçivəsində  “Roboday”  sərgisi təşkil ediləcək. “Roboday”də robotlarla iş imkanı yaradan təlimlər keçiriləcək, robotexnika sahəsində tətbiq və əyləncə zonası ilə təchiz edilmiş stendlər fəaliyyət göstərəcək. Gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumat veriləcək, robot şouları nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır