Azərbaycanın Çində ticarət nümayəndəsi təyin olunub

Teymur Nadiroğlu Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib. Bu, artıq Azərbaycanın xarici ölkədə təyin olunan 2-ci ticarət nümayəndəsidir.

Bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya Federasiyasına Azərbaycanın ticarət nümayəndəsi təyin olunub.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Çin Xalq Respublikasında ticarət nümayəndəsinin təyin olunması ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi və Çin investisiyalarının cəlb olunması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan, ABŞ və Çində investisiya, mühasibatlıq, biznesin inkişafı və maliyyə planlaşdırılması sahələrində işləyib. 2008-ci ildən bu təyinata qədər Çində Primum Consulting Ltd. şirkətinin baş meneceri olub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır