Azərbaycanın investisiya imkanları BƏƏ iş adamlarına təqdim edilib

Aprelin 19-da İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində “DP World Group” şirkətinin rəhbərliyi ilə görüşüb. Görüşdə Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasına məsləhət xidməti göstərən BƏƏ-nin “DP World Group”un gördüyü işlər barədə məlumat verilib, məsləhət xidmətləri üzrə təqdimat keçirilib, sənaye və logistika infrastrukturu üçün Baş Plan, Zonanın inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri və s. barədə müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyəti BƏƏ-nin “VPS Healthcare” şirkətinin rəhbərliyi ilə də görüşüb. Azərbaycan iş adamları həmçinin, BƏƏ-nin “Union Cop” mağazalar şəbəkəsində olub və şirkət rəhbərliyi ilə Azərbaycan məhsullarının, xüsusilə də meyvə-tərəvəzin “Union Cop” mağazalar şəbəkəsində satışına dair müzakirələr aparılıb.

Qeyd edək ki, aprelin 20-də isə Dubayda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası və bir sıra ikitərəfli görüşlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır