“Azərpambıq ASK” MMC-nin pambıq istehsalı emalı zavodu yenidən qurulacaq

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə “Azərpambıq ASK” MMC-nin Ağcabədi rayonunda yerləşən  pambıq istehsalı emalı zavodunda aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün bu rayona səfər edib. Yenidənqurma işlərinə ümumi baxış keçirən baş direktor mövcud vəziyyətlə tanış olub və görülən tədbirlərin zamanın tələblərinə uyğun olaraq vaxtında həm də keyfiyyətlə başa çatdırılmasını tövsiyyə edib.

Bu il məhsul yığımı mövsümündə zavodda 72500 ton pambıq emalı nəzərdə tutulur. Zavod tam gücü ilə işə düşdükdən sonra cəmiyyətin ətraf rayonlarda yerləşən məntəqələrindən də həmin müəssisəyə pambıq qəbul olunaraq, emala veriləcəkdir. Zavodda Ağcabədi rayonu üzrə 10000 ton, Ağdam rayonu üzrə 1500, Tərtər rayonu üzrə 3375, Goranboy rayonu üzrə 3000 ton – cəmi 17875 ton pambıq tədarük və emal olunacaqdır.

Hal-hazırda zavodda köhnə, sıradan çıxmış avadanlıqların demontaj işlərinə başlanılıb. Bununla yanaşı təmir-bərpa və yeni avadanlıqların alınması istiqamətində də mühüm tədbirlər planı hazırlanaraq, həyata keçirilir.

Yeni, müasir tələblərə cavab verən pambıq emalı zavodunun kütləvi pambıq tədarükü dövrü ilə eyni vaxtda işə salınması planlaşdırılır.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində fəaliyyət göstərən “Azərpambıq ASK” MMC üzrə 2019-cu təsərrüfat mövsümü ilində respublikanın 15 rayonunda 29001 hektarda pambıq əkini aparılıb. Qarşıya qoyulan məqsəd isə hər hektarda minimum 25 sentner pambıq məhsulu istehsal etməklə məhsuldarlığın ildən-ilə artırılmasına nail olmaqdır. Bununla əlaqədar olaraq yığılmış xam pambığın vaxtında emal edilməsi üçün köhnə zavodlarda yenidənqurma işlərinin aparılması və müəssisələrin işçi qüvvəsinin artırılması nəzərdə tutulur. Bu, həm də regionlarda yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır