Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Kredit Bürosu arasında onlayn görüş keçirilmişdir – Foto

23 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Kredit Bürosu (AKB) arasında bankların iştirakı ilə onlayn görüş keçirilmişdir.

Görüşdə AKB-nin yeni xidmətləri, eləcə də mövcud xidmətlərində təkmilləşmələr və bankların təklifləri nəzərə alınaraq AKB tərəfindən həyata keçirilən layihələr və tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilmişdir.

Əvvəlcə iştirakçılara AKB tərəfindən Türkiyənin Kredi Kayıt Bürosu (KKB) ilə birgə, AKB-nin tərəfdaşları olan bankların, bank olmayan kredit təşkilatlarının, nisyə mal alqı-satqısı həyata keçirən təşkilatların və Büronun digər tərəfdaşlarının da cəlb edilməsi ilə hazırlanan yenilənmiş “FinScore” xidməti barədə təqdimat keçilmişdir. Proqnozlaşdırma gücü kifayət qədər yüksək – 72.2 Gini əmsalı olan yeni modelin təqdim edilməsi zamanı cari skorla yanaşı onun formalaşmasına ən çox təsir edən 4 əsas meyarın, habelə müvafiq şəxsin son 12 aylıq skor tarixçəsinin də təqdim edilməsi xüsusi qeyd edilmişdir.

Daha sonra, AKB tərəfindən ənənəvi xidmətlərlə yanaşı şəxslərin dövlət orqanlarının məlumat bazasında mövcud olan icbari öhdəlikləri ilə bağlı məlumatlar üzrə çıxarış – alternativ hesabatlar modulu barədə məlumat verilmiş, müvafiq xidmətin istifadəyə təqdim edilməsi ilə kredit qərarlarının verilməsi zamanı borcalanların maliyyə intizamının və ödəmə qabiliyyətinin daha dəqiq və düzgün müəyyən edilməsi və bununla da məlumat asimmetriyasının azaldılması ilə risklərin minimallaşdırılmasında əhəmiyyəti vurğulanmışdır.

Qeyd edilən hesabatda aşağıda adları qeyd olunan dövlət orqanlarının məlumat bazalarından əldə edilən müvafiq öhdəliklərlə bağlı məlumatlar əks olunur:

  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən fiziki şəxslərlə bağlı məhkəmə işi, icra və probasiya şöbəsinin müəyyən etdiyi öhdəliklər, notarial təsdiqlənmiş borc müqavilələri üzrə məlumatlar;
  • Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən fiziki şəxslər barədə edilmiş cərimələrlə bağlı məlumatlar;
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən hüquqi şəxs və fərdi sahibkarlar ilə bağlı əsas vergi vərəqəsi üzrə borc, əmlak (müsadirə) üzrə borc, sosial borc və işsizlikdən sığorta haqqı ilə bağlı məlumatlar.

Əlavə olaraq, tərəfdaşlardan ötən il ərzində daxil olan təkliflərin icra statusları barədə ətraflı məlumat verilmiş, AKB sisteminin təkmilləşməsi və təqdim edilən xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən və keçirilməsi planlaşdırılan layihələrlə bağlı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Kredit Bürosu fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və sorğu əsasında AKB-yə inteqrasiya edilmiş kredit təşkilatlarına təqdim etməklə onların potensial müştərilərinin qiymətləndirilməsində, mövcud müştərilərinin davranışlarının monitorinq edilməsində, habelə kredit portfelinin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim edərək risklərinin minimallaşdırılmasında əhəmiyyətli rol oynayır. Hazırda, AKB-nin tərəfdaşlarının sayı 240-a çatmışdır.

Qeyd edilənləri nəzərə alaraq, AKB-nin təqdim etdiyi xidmətlərin çeşidinin genişləndirilməsi, həmçinin sisteminin funksionallığının artırılması istiqamətində ABA tərəfindən 2023-cü ildə bankların rəy və təklifləri toplanılmış və AKB-yə təqdim edilmişdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

Unibank İnsan Resurslarının idarəedilməsi sistemini təkmilləşdirib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 25 illik yubileyinə həsr olunmuş İllik Yığıncaq keçirilib

Ölkə sığorta bazarı 10,3% böyüyüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı