“S&P Global Ratings” agentliyi Azərbaycanın banklarının 2026-cı ildə də dayanıqlığını qoruyacaqağını proqnozlaşdırır.
BBN.az bu barədə agentliyə istinadən xəbər verir.
Reytinq agentliyinin proqnozlarına görə, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan bankları son iki ildə müşahidə olunan dinamikanı təkrarlayaraq 2026-cı ildə də sabitliyini qoruyub saxlayacaq. Regionda orta kredit artımının 15–20% səviyyəsində mülayim (lakin hələ də yüksək) qalması və aktivlərin keyfiyyətinin sabitliyi bankların gəlirliliyini və kapital səviyyələrini dəstəkləyəcək.
“Regionda iqtisadi artım üçün əlverişli perspektivlər, kreditləşməyə yüksək tələbat (xüsusilə pərakəndə seqmentdə), etibarlı maliyyələşmə və likvidlik göstəriciləri, həmçinin güclü gəlirlilik hesabına dəstəklənən sabit kapital ehtiyatları 2026-cı ildə reytinqlər üzrə əlavə müsbət qərarlara səbəb ola bilər”, – deyə hesabatda qeyd olunur.
“S&P” bildirir ki, hazırda regionun maliyyə institutlarının reytinqlərinin 19%-i müsbət proqnoza, 81%-i isə stabil proqnoza malikdir.
“Regionun maliyyə institutları üçün əsas risklərə artan geosiyasi gərginlik, disbalans yarada biləcək aqressiv pərakəndə kredit artımı, eləcə də rəqəmsallaşma, süni intellekt, iqlim dəyişikliyi və kibertəhlükələrlə bağlı yeni risklər daxildir”,- deyə hesabatda bildirilir.