Azərbaycan Beynəlxalq Bankında “IBA Bot” adlı robot fəaliyyətə başlayıb

Azərbaycan Beynəlxalq Bankı daha bir innovativ yeniliyi ilk dəfə ölkəmizə gətirib. Bankda “IBA Bot” adlı robot fəaliyyətə başlayıb.

Azərbaycan Beynəlxalq Bankının Bakı şəhəri Nizami küçəsi – 67 ünvanındakı Müştəri Xidməti Departamentinə müraciət edən müştəriləri bundan sonra “IBA Bot” qarşılayacaq. Onların suallarını cavablandıracaq. Bank xidmət və məhsullarından istifadə zamanı müştərilərə istiqamət verəcək.

Azərbaycan Beynəlxalq Bankının müştəriləri “IBA Bot”un zəka və bacarıqlarına güvənə bilərlər. O, müştərilərlə çox asan və rahat ünsiyyət  qura bilir. Onların simasını yadında saxlayır. Banka növbəti dəfə gələrkən müştəriləri adları ilə tanıyır. “IBA Bot” bank xidmət və məhsulları haqqında yetərincə məlumatlıdır. Müştərilər bütün suallarına ondan cavab ala bilərlər. Robot müştəriləri xidmət üçün müvafiq bölmələrə istiqamətləndirmək bacarığına sahibdir.

Elektron növbə cihazı ilə inteqrasiyadan sonra müştərilər öz növbə nömrələrini də birbaşa “IBA Bot”dan alacaqlar. Eyni zamanda, robot gələcəkdə digər bank sistemlərinə də inteqrasiya edərək bəzi xidmətləri göstərə biləcək.

Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib: “Xidmət ofislərində bu cür robotlardan istifadə, hazırda dünyanın bir çox banklarının istifadə etdiyi praktikadır. Yenilikçi bank olaraq biz də bu təcrübəni ilk dəfə ölkəmizə gətirdik. “IBA Bot” adlı yeni əməkdaşımızla ünsiyyət, onun köməyindən istifadə müştərilərimiz üçün faydalı olacaq”.    

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

TuranBank ağacəkmə aksiyası təşkil edib

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı