Ölkəmizdə sayca X “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nun açılış mərasimi və ilk günə aid panel müzakirələr baş tutub.
Forumda açılış nitqi ilə çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olub və bu dövrdə də əhalinin və biznesin maddi rifahının gücləndirilməsi istiqamətində bir sıra islahatlar həyata keçirilir:
“İqtisadi inkişafda maliyyə sektoru xüsusilə də sığorta sektoru mühüm rol oynamaqdadır. Son illərdə sığorta sektorunda da davamlı institusional islahatlar həyata keçirilib, infrastruktur xeyli təkmilləşdirilib və əhəmiyyətli nəticələr əldə edilib.”
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov öz çıxışında qeyd edib ki, təklif edilən aqrar sığorta xidmətləri artıq ölkədə fəaliyyət göstərən fermerlərin 96%-i üçün xidmətlərin əlçatanlığını təmin edir:
“Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 25%-i sığorta təminatı altına alınıb. Aqrar Sığorta Fondu tərəfindən sığorta təminatı verilmiş fermerlərə baş vermiş sığorta hadisələrinə görə ödənilən təzminatlar ilbəilə artmaqdadır.”
Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta ilə uşaqdan-böyüyə qədər hər kəsin əhatəli olduğunu və sığorta çərçivəsində qarşılanan 3300-dən çox tibbi xidmətdən ödənişsiz istifadə hüququnun əldə edildiyini bildirib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə öz çıxışında ölkəmizin sosial dövlət modeli istiqamətindəki inkişaf sürətinə, habelə sığorta sektorunun aparılan sosial islahatlarla paralel inkişaf etməsinin qazandırdığı üstünlüklərə toxunub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova çıxışında qeyd edib ki, ölkəmizdə sığorta sektorunun inkişafa dair böyük potensialı var və peşəkar bazar iştirakçılarının başlıca hədəfi bu potensialı reallaşdırmaqdır:
“Mərkəzi Bank tərəfindən bu ilin yanvar ayında təsdiqlənən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” sığorta sektoru üçün olduqca əhəmiyyətlidir. Strategiyanın istiqamətləri sığorta bazarına etimadın yüksəldilməsi, icbari və könüllü növlər üzrə sığorta təminatının əhatəsinin genişləndirilməsi, vahid məlumat mənbələrinə çıxışın və rəqəmsallaşmanın dəstəklənməsi, o cümlədən sığorta sektorunda müasir korporativ idarəetmə təcrübəsinin təşviqi və risk əsaslı nəzarətin yaradılmasından ibarətdir. Bunlar da sığorta sektorunda həm lokal, həm qlobal perspektivdən davamlılığın təmin olunmasına töhfə verəcəkdir.”
Daha sonra Forum çərçivəsində “İqlim dəyişikliyinin sığorta sektoruna təsiri” və “Bankasurance” mövzuları üzrə yerli və xarici peşəkar spikerlərin iştirakı ilə panellər üzrə müzakirələr baş tutub.
Qeyd edək ki, Forum 20 və 21 iyun tarixləri olmaqla iki nəzərdə tutulub.