Bu il sentyabrın 1-nə ölkə iqtisadiyyatına yönəldilmiş kreditlərin həcmi 30 milyard 464,6 milyon manat olub.
BBN.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 0,7 %, ilin əvvəlindən bəri isə 4 % artım deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə kredit qoyuluşunda 10,2 % yüksəliş qeydə alınıb.
Ümumi kredit portfelinin 21 milyard 285,9 milyon manatı (69,9 %-i) özəl bankların payına düşür ki, bu da bir il əvvələ nisbətən 9,9 % çoxdur.
Dövlət banklarının kredit qoyuluşu 7 milyard 419 milyon manat təşkil edib və illik müqayisədə 10,5 % artıb. Onların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,3 %-dən 24,35 %-ə yüksəlib.
Bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli isə 1 milyard 759,7 milyon manata çatıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11,8 % çoxdur. BOKT-ların payı isə 5,8 % səviyyəsində olub.
Hazırda Azərbaycanda 22 bank fəaliyyət göstərir, onların 2-si dövlət bankıdır. Ölkədə BOKT-ların sayı isə 54-ə bərabərdir.