Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin dəyişdirilməyərək 6,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
BBN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Qərara əsasən, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində dəyişməz saxlanılıb.
AMB-nin açıqlamasına görə, qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, eləcə də daxili makroiqtisadi meyillər nəzərə alınıb. Bununla yanaşı, pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri də qiymətləndirilib.
Mərkəzi Bank bildirib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar 6 may tarixində ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.