Azərbaycan neft bazarının 2022-ci ilədək tənzimlənməsi prosesinə qoşulub

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında  gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutan ”Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib. Videokonfransa  “OPEC plus” ölkələri ilə yanaşı ilk dəfə olaraq  Kanada, Norveç, Argentina, Braziliya, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də  qatılıb.

İclasda “OPEC plus” ölkələri  gündəlik neft hasilatının müxtəlif  müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə ediblər. 

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, “OPEC plus” ölkələri  may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 mln. barrel həcmində  azaldacaqlar.  Hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 mln.barrel, qeyri-OPEC ölkələri üçün isə  3,915 mln. barrel müəyyən edilib. Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaldacaq. Beləliklə, mayın 1-dən iyulun 1-dək  Azərbaycanda gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzində  Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.

2020-ci ilin iyul-dekabr aylarında  isə “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla  8 mln. barrel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar  OPEC  üzrə gündəlik 4,868 mln, qeyri-OPEC üzrə isə 3,132 mln barrel müəyyənləşdirilib.  Azərbaycan  bu dövrdə gündəlik istehsalını 131 min barrel azaltmaqla 587 min barrel səviyyəsində saxlamalı olacaq.

2021-ci ildən 2022-ci ilin aprelinədək “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 mln. barrel azaldılması planlaşdırılır. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3,651 mln barrel, qeyri-OPEC üzrə 2,349 mln barrel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə  98 min barrel azalma  ilə hasilatı 620 min barrel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.  

İclasda “OPEC plus” formatından kənar neft ölkələrinə  isə gündəlik  hasilatı 5 mln. barrel azaltmaq çağırışı edilib.

  Yeni Razılaşmanı şərh edən Energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC ölkələrinin bu qərarını yüksək qiymətləndirib: “Bu, bir həqiqətdir ki, mövcud qlobal problemin öhdəsindən ayrılıqda deyil, qlobal əməkdaşlıq şəraitində gələ bilərik. Mart ayından indiyə kimi qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil. Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də  dəstəyi zəruri edir. Bu prosesə “OPEC plus”dan kənar ölkələrin  cəlbi isə olduqca vacibdir. Ümid edirik ki, “OPEC plus”un bu qərarı  və digər qeyri-OPEC ölkələrinin səyləri  neft bazarında tədricən tarazlıq və qiymət sabitliyinin yaranmasına töhfə verəcək.”

Nazir onu da əlavə edib ki,  dünyanın aparıcı iri neft istehsalçılarının bugünkü fövqəladə görüşü neft bazarı üçün tarixi bir hadisədir. Bu prosesə qatılan hər bir neft ölkəsi neft bazarının sabitləşdirilməsi məqsədi ətrafında həmrəylik nümayiş etdirdilər. “OPEC plus” formatı çərçivəsində tənzimləmə prosesində  fəal rol oynayan Azərbaycan da yeni öhdəliklər götürməklə qlobal neft bazarına dəstək vermiş oldu.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı