Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşuldu

Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulması barədə Qanunu imzalayıb.

“Quru limanlar haqqında Hökumətlərarası Saziş” 7 noyabr 2013-cü il tarixində Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə keçirilmiş Asiya Nəqliyyat Nazirləri Forumu zamanı imzalanıb və 23 aprel 2016-cı il tarixindən qüvvəyə minib.

Beynəlxalq əhəmiyyətli quru limanların yaradılması müxtəlif nəqliyyat növləri, eləcə də Asiya Avtomobil Yolları və Trans-Asiya Dəmir Yolları şəbəkəsi arasında inteqrasiyanın yaradılmasında, beynəlxalq daşımalarda sərhəd-keçidləri və tranzit zamanı gecikmələrin aradan qaldırılmasında, enerji baxımından daha səmərəli və ekoloji davamlı nəqliyyat növlərinin istifadəsində, beynəlxalq intermodal nəqliyyat-logistika sisteminin yaradılmasında faydalı olacaq.

Bundan əlavə, sahilyanı, ucqar və dənizə çıxışı olmayan regionların nəqliyyat infrastrukturuna fiziki çıxışının təmin edilməsi yolu ilə inkişafına töhfə verəcək. Daxili rayonların iqtisadi inkişafı üçün yeni imkanların yaradılmasına, intermodal bağlantı mərkəzlərində iqtisadi və logistik fəaliyyətin inkişafının stimullaşdırılmasına səbəb olacaq. Həmçinin zəruri resursların cəlb edilməsi və dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi üçün maliyyə qurumları və ikitərəfli donorlara əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Qeyd edək ki, Azərbaycan 1992-ci il 31 iyul tarixindən UNESCAP üzvüdür. Komissiya çərçivəsində müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində həyata keçirilən bir sıra layihələrdə fəal iştirak edir, keçirilən tədbirlərdə daim təmsil olunur.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı