Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 31 dekabr tarixinə ümumilikdə 170 412,9 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
BBN.az xəbər verir ki, bu barədə “APA-Economics” Dövlət Neft Fonduna istinadən məlumat yayıb.
Məlumata görə, təkcə 2025-ci il ərzində ARDNF-nin büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 14 481 mln. manat transfert həyata keçirilib.
Aktivlərdə əhəmiyyətli artım
Fondun aktivləri 2025-ci ilin əvvəlinə 60 031,4 milyon ABŞ dolları (102 053,3 milyon manat) təşkil edib. 31 dekabr 2025-ci il tarixinə isə aktivlər ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 541,5 milyon ABŞ dollarına (125 020,5 milyon manata) yüksəlib.
Qeyd
ARDNF 29 dekabr 1999-cu il tarixində təsis edilib. Fond neft və qaz gəlirlərinin toplanması, səmərəli idarə olunması və gələcək nəsillər üçün qorunub saxlanması məqsədilə yaradılmış xüsusi dövlət qurumudur.
ARDNF büdcədənkənar ayrıca dövlət təsisatı kimi fəaliyyət göstərir və şəffaflıq Fondun əsas prinsiplərindən biridir. Ötən dövr ərzində Fond institusional baxımdan inkişaf edərək beynəlxalq səviyyəli maliyyə qurumuna çevrilib.