Azərbaycan Turizm Bürosu Belarusun paytaxtı Minsk şəhərində keçirilən “Travel Connection Minsk” tədbirində iştirak edib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, Belarusdan olan 100-dən çox yerli turizm şirkətini bir araya gətirən tədbir yeni tərəfdaşlıqların qurulması və Azərbaycanın turizm potensialının Belarus turizm sənayesi nümayəndələrinə təqdim edilməsi baxımından effektiv platforma rolunu oynayıb.
Tədbirdə iştirakçılar Azərbaycanın sahil turizmi, dağ-xizək kurortları, sağlamlıq və SPA mərkəzləri, mədəni irs və qastronomiya marşrutları barədə məlumatlandırılıblar.
Səfər çərçivəsində iki ölkənin turizm sənayesi arasında əməkdaşlığın gücləndirilməsi və tərəfdaşlıq imkanlarının genişləndirilməsi imkanlarını müzakirə etmək məqsədilə Belarusun Respublika Səyahət Təşkilatları Birliyi ilə görüş keçirilib.