Azərbaycan və Rumıniya arasında ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparıldı

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev və  ölkəmizdə səfərdə olan Rumıniyanın energetika naziri Vircil Popesku arasında görüş olub. Görüşdə Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare də iştirak edib.

S.Babayev Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən birinin Rumıniya olduğunu, iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq əsasında ildən-ilə inkişaf etdiyini qeyd edib.

O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfəri, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini qeyd edən S.Babayev əməkdaşlığın inkişafı, o cümlədən ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün potensialın böyük olduğunu vurğulayıb.

Əlaqələrin daha da genişlənməsi üçün Komissiyanın səylərini daim artdırdığını deyib. Komissiyanın 2018-ci ilin noyabr ayında Buxarest şəhərində  (Rumıniya) keçirilən 5-ci iclasının da müsbət nəticələrini diqqətə çatdırıb.

V.Popesku ölkələrimiz arasında fəal siyasi dialoqun, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən əlaqələrin genişlənməsi üçün aparılan işlərin məmnunluq doğurduğunu qeyd edib. Ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayıb.

Görüşdə ötən dövrdə Azərbaycan və Rumıniya arasında 60-dan çox əməkdaşlıq sənədinin imzalandığı qeyd edilib. Hazırlanmış yeni əməkdaşlıq sənədləri layihələrindən bəhs olunub.

Əmək, məşğulluq, sosial müdafiə sahələrində də iki ölkənin fəal əməkdaşlığı üçün potensialın olduğu vurğulanıb. Yeni əməkdaşlıq sənədləri layihələri sırasında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ruminiyanın Əmək Ədalət Nazirliyi arasında Əməkdaşlıq haqqında Protokol” layihəsinin də  olduğu diqqətə çatdırılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı