Azərbaycan və Rumıniya energetika nazirlərinin görüşü olub

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Rumıniyanın energetika naziri Sebastiyan İoan Burduja ilə görüşüb.

Hökumətlərarası Komissiya çərçivəsində baş tutan görüşdə Azərbaycan və Rumıniyanın strateji tərəfdaşlıq əsasında münasibətləri inkişaf etdirən dost ölkələr olduğu vurğulanıb. Əməkdaşlıq əlaqələrinin yeni inkişaf mərhələsinə yüksəlməsində strateji əhəmiyyətli enerji layihələrinin rolundan bəhs olunub. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi, “Qara dəniz LNG” layihəsi, “Həmrəylik Halqası”, SOCAR və “Romgaz S.A.” arasında qaz tədarükü, həmçinin “Transgaz” ilə qaz nəqli üzrə əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair müzakirələr aparılıb. Neft və neft məhsullarının ticarəti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub.

“Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində “yaşıl enerji dəhlizi” layihəsinə Rumıniyanın dəstəyi yüksək qiymətləndirilib. Bu dəhliz üzrə Birgə Müəssisənin yaradılması üçün məsləhətçi hüquq şirkətinin müəyyənləşdirilməsi və Ümumi və ya Ortaq Maraqlar Layihəsi (PCIs/PMIs) statusuna müraciət istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Layihənin icra prosesinin sürətləndirilməsi ilə bağlı səylərin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Söhbət zamanı enerji məsələlərinin tənzimlənməsi sahəsində hər iki ölkənin müvafiq qurumları arasında intensiv əlaqələrin qurulması və əməkdaşlığın gücləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsi razılaşdırılıb.

Related posts

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 25 illik yubileyinə həsr olunmuş İllik Yığıncaq keçirilib

Yanacaq məhsullarının istehsalı, idxalı, topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olan sahibkarlarla maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı