Azərbaycanda “Axşam bazarı” biznesi başladı

Azərbaycanda endirimlə satışa əsaslanan yeni biznes başlayır. Bundan sonra mağaza və restoranlar satılmayan və ya satışında problem olan malları yeni sistem üzərindən daha ucuz sata biləcəklər. Bu yaxın günlərdə işə düşəcək “Axşam bazarı” ideyasına əsaslanan “SnackPack” layihəsi vasitəsilə baş tutacaq.

Layihəyə əsasən satışında problem olan və ya ola biləcək qida mallarını nisbətən aşağı qiymətə endirimlə satmaq mümkün olacaq. Bu daha çox restoran və şirniyyat mağazalarına maraqlı olacaq. Bunun üçün onlar yeni yaradılmış “SnackPack” tətbiqində qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, dünyada satışında probelem olan qidaların endirimlə satışı sistemi çoxdan fəaliyyət göstərir. Bunlardan ən məşhuru “Too Good To Go”dur. ABŞ, Avropa və digər ölkələrdə fəaliyyət göstərən layihə vasitəsilə qida məhsullarını endirimlə almaq olar. Restoran və mağazalar bu üsulla axşama yaxın satılmayan və satılmayacaq qidaları nisbətən ucuz qiymətə də olsa reallaşdıra bilirlər. Bu həm atıcılara, həm alıcılara, həm də təbiətə və iqtisadiyyata faydalıdır. Yəni enerji və zəhmət hesabına bişirilən və hazırlanan qidalar atılmır, öz sahibinə fayda gətirir.

“SnackPack” tətbiqi də eyni prinsiplə işləyəcək. Layihənin rəhbəri Ramil Tağıyev bildirir ki, bütün dünyada restoran və şirniyyat mağazalarında, eləcə də un məmulatları satılan obyektlərdə məhsulun orta hesabla 20%-i satılmayaraq atılır. Azərbaycanda təqribən eyni vəziyyətdir və biznes üçün bu məhsulları satmaqdansa, endirimlə də olsa, satmaq daha sərfəlidir.

“SnackPack” tətbiqindən faydalanmaq üçün restoranlar və qida satışı ilə məşğul olanlar tətbiqdə qeydiyyatdan keçməli, satışa çıxardıqları məhsulların əvvəlki və endirimli qiymətlərini göstərməlidirlər. Layihə “SnackPack” adlansa da, əslində burada günün istənilən vaxtında olan endirimlər elan ediləcək: “Xalq arasında hamımızın bildiyi “axşam bazarı” adlı yerli termin var. Yəni, əsasən, bu, axşam saatlarında ərzaq, un məmulatları, və s. endirimli qiymətlərlə alınması deməkdir. Biz isə sadəcə olaraq yaratdığımız mobil tətbiq vasitəsilə bu konsepsiyanı rəqəmsallaşdırırıq”.

Related posts

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

Aqrar sığorta mexanizmi – üçüncü şəxslərin hərəkətlərindən dəyən zərərə görə sığorta müqaviləsi bağlayın!

Bu ilin birinci yarısında KOB evlərində sahibkarlara 200 mindən çox xidmət göstərilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı