Azərbaycanda günəş panellərinin effektivliyi hazırda təxminən 25% təşkil edir.
BBN.az xəbər verir ki, bu barədə “Provitaz LLC” şirkətinin təsisçisi və baş icraçı direktoru Emin Məmmədov Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbirində məlumat verib.
Onun sözlərinə görə, bərpa olunan enerji sektorunda günəş panellərinin rolu getdikcə artır:
“Panellərin effektivliyi çox vacibdir. Ən son texnologiyalara əsaslanan panellərin istifadəsi tələb olunur. Müştərilər bəzən panellər arasındakı fərqi görmürlər, biz isə onları bu fərqlər barədə maarifləndirməliyik. Hazırda günəş panellərinin səmərəliliyi 25%-ə yaxınlaşıb. Halbuki 2013-cü ildə bu göstərici maksimum 15% idi.”
Emin Məmmədov əlavə edib ki, son on ildə inverter texnologiyalarında da ciddi irəliləyişlər əldə olunub:
“İndi inverterlərin şəbəkə ilə inteqrasiyası ən vacib məsələlərdən biridir.”