Azərbaycanda ipoteka kreditlərinin orta faizi son 5 ilin maksimumuna yüksəlib

Azərbaycanda ipoteka kreditləri üzrə orta faiz dərəcəsi 2020-ci ilin noyabr ayından bəri maksimal səviyyə olan 6,39 %-ə yüksəlib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülletenində məlumat verilib.

Qeyd edək ki, ipoteka faizləri 2020-ci ilə qədər təxminən 7 % səviyyəsində olsa da, həmin tarixdən 2022-ci ilin yayına qədər sürətlə azalaraq 6,31 %-ə düşmüşdü. 2022–2023-cü illərdə ipoteka kreditlərinin aylıq həcmlərində artım müşahidə olunsa da, son dövrdə AMB-nin sərt monetar siyasəti fonunda faizlər yenidən yüksəlib. Artıma təkcə uçot faiz dərəcəsinin artırılması deyil, eyni zamanda məcburi ehtiyat normalarının sərtləşdirilməsi də təsir edib.

Həcmlərə gəldikdə, 2025-ci ilin yanvar–noyabr aylarında banklar tərəfindən 393,3 milyon manat ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % azdır. İpoteka və Kredit Zəmanəti Fondu (İKZF) tərəfindən yenidən maliyyələşdirilən ipoteka kreditlərinin həcmi isə illik müqayisədə 4,7 % azalaraq 399,3 milyon manat təşkil edib.

Bununla yanaşı, 2025-ci ilin ilk 11 ayında dövlət büdcəsindən İKZF-yə ayrılan vəsait 85 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 % azdır. Fondun yerləşdirdiyi istiqrazların həcmi isə dəyişməyərək 550 milyon manat səviyyəsində qalıb.

Hazırda ölkədə daxili ipoteka kreditlərinin payı nisbətən artsa da, bankların bu kreditlərə marağının zəif qalması faizlərin yüksəlməsinə dəstək verən əsas amillərdən biri kimi qiymətləndirilir. Bu vəziyyət ümumi ipoteka portfelində də əksini tapır. Belə ki, 1 oktyabr tarixinə 4 milyard 548,22 milyon manat olan ipoteka kreditləri portfeli noyabrın əvvəlinə 4 milyard 458,02 milyon manata düşüb. Bu, pandemiyadan sonra ilk dəfə qeydə alınan azalmadır.

AMB-nin may ayında keçirdiyi sorğunun nəticələrinə əsasən, banklar növbəti rübdə ipoteka kreditləri üzrə standartlarda dəyişiklik gözləmirlər. Sorğuya görə, 2025-ci ilin I rübündə ipoteka kreditlərinə tələbdə artım əsasən İKZF hesabına verilən kreditlər üzrə müşahidə olunub. Banklar növbəti dövrdə də İKZF xətti ilə ipoteka kreditlərinə tələbin artacağını, daxili ipoteka kreditləri üzrə isə tələbin sabit qalacağını proqnozlaşdırırlar.

Related posts

Dünyanın aparıcı mərkəzi bank rəhbərləri Tramp ilə qarşıdurmada Fed sədri Cerom Pauelli dəstəkləyir

Dünya Bankı: 2026-cı ildə qlobal iqtisadi artım dayanıqlı qalacaq, lakin zəifləyən dinamika risk yaradır

Unibank-da Yeni Təyinatlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı