Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2025-ci ilin noyabr ayının sonunda dövriyyədə olan ödəmə kartlarının sayı ötən aya nisbətən 134 min ədəd artaraq 21 milyon 835 minə çatıb.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12.2% artıb.
Məlumata görə, debet kartlarının sayı 14.7% artarkən, kredit kartlarının sayı 6.7% azalıb. Ödəmə kartlarının sayının artması ölkədə nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
Noyabr ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14.4% artaraq 7,940 milyon manat təşkil edib. Bu ödənişlərin 6,948 milyon manatı elektron ticarətin payına düşür, qalan 990 milyon manat POS-terminallar, 2 milyon manat isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən isə ödəmə kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil edib.