Azərbaycanda sığorta agentləri və brokerlərin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə yeni qanun layihəsi hazırlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov DOST TV-nin “Sığortalı Dost” verilişində çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, sığorta xidmətləri yalnız sığorta müqaviləsi bağlandıqdan sonra deyil, həmçinin müqavilə bağlanmazdan əvvəl vətəndaşlarla düzgün, şəffaf və məsuliyyətli ünsiyyət əsasında təqdim olunmalıdır.
V. Qurbanov qeyd edib ki, sığorta vasitəçiləri – agentlər və brokerlər – sığorta xidmətlərinin əhali arasında yayılmasında mühüm rol oynayır. Hazırlanan qanun layihəsi məhz bu vasitəçilərin fəaliyyətinin tənzimlənməsini, onların rolunun gücləndirilməsini və peşəkarlıq səviyyəsinin artırılmasını nəzərdə tutur.
AMB-nin baş direktorunun sözlərinə görə, qanun layihəsinin qəbul edilməsi nəticəsində sığorta bazarında xidmət keyfiyyəti yüksələcək və sığortalıların maraqları daha effektiv şəkildə qorunacaq.