Bu ilin yanvar–mart aylarında Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 % azdır.
Hesabat dövründə neft-qaz sektorunda ÜDM 1,2 % azalaraq 8 milyard 531,6 milyon manata düşüb, qeyri-neft-qaz sektorunda isə 0,2 % artaraq 21 milyard 171,6 milyon manata çatıb.
3 ay ərzində ÜDM-in 33,5 %-i sənaye, 11,3 %-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,6 %-i tikinti, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 %-i informasiya və rabitə, 23,3 %-i digər xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 11,7 %-ni təşkil edib.
Bu dövrdə informasiya və rabitə sahəsində əlavə dəyər real ifadədə 9,2 %, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 3,7 %, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 2,9 %, nəqliyyat və anbar təsərrüfatında 1,5 %, digər xidmət sahələrində 0,3 %, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,2 %, sənayedə isə 0,2 % artıb. Tikinti sektorunda isə 19,8 % azalma qeydə alınıb.