Azərbaycanın maliyyə naziri BVF və DB-nin İllik Toplantısında, iqlim maliyyəsinə həsr olunmuş tədbirlərdə iştirak edib, ikitərəfli görüşlər keçirib

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı çərçivəsində COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi COP29-un nümayəndə heyəti ilə birlikdə iqlim maliyyəsi məsələlərinə həsr olunmuş bir sıra yüksək səviyyəli tədbir və görüşlərdə iştirak edib.

Belə ki, oktyabrın 22-də BVF-də iqlim maliyyəsinin artırılması imkanlarının müzakirəsi məqsədilə Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliyanın birgə təşkilatçılığı ilə “Beynəlxalq Dayanıqlı Maliyyə Arxitekturası: COP-lar arasında nəticə əldə etmək üçün sürəti və ambisiyanı qorumaq” mövzusunda tədbir keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCC) icraçı katibi Saymon Stil və BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva ilə yanaşı, bir sıra dövlət nümayəndələrinin, beynəlxalq maliyyə institutlarının, fondların, beyin mərkəzlərinin və özəl maliyyə təşkilatlarının rəhbər şəxslərinin də iştirak etdiyi tədbirin açılış hissəsində çıxış edən nazir Samir Şərifov iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin tələblərinə cavab verəcək ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) cari ilin sonuna kimi qəbul edilməsinin vacibliyini vurğulayıb. O, G20 maliyyə nazirlərini NCQG mövzusunda birgə addımlar atmağa çağıraraq iqlim maliyyəsi üçün çoxtərəfli inkişaf banklarının resurs bazalarının artırılmasının zəruriliyini qeyd edib.

İllik Toplantı  çərçivəsində maliyyə naziri həmçinin COP29-un nümayəndə heyəti ilə birlikdə BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva, Dünya Bankı Qrupunun Prezidenti Acay Banqa, Asiya İnkişaf Bankının Prezidenti Masatsuqu Asakava və Dünya Bankı Qrupunun İnkişaf və Əməkdaşlıqlar üzrə Baş İcraçı Direktoru Aksel Von Trotsenburq ilə görüşlər keçirərək COP29-un beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf banklarından gözləntiləri və iqlim maliyyəsinin artırılması imkanları ilə bağlı müzakirələrə qoşulub və Azərbaycanın cari ildə üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının 12-ci Nazirlər Toplantısında, habelə Braziliya İqlim və Ekoloji Transformasiya İnvestisiya Platformasının (BIP) təqdimat tədbirində iştirak edib.

Bununla yanaşı, nazir Samir Şərifov BVF və Dünya Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunmuş Körfəz Əməkdaşlıq Şurası və Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edib. İclasda iki region arasında ticarət və maliyyə axınlarının mövcud vəziyyəti, əməkdaşlığa mane olan çətinliklər və bu çətinliklərin həlli yolları ilə bağlı müzakirə aparılıb. Maliyyə naziri öz çıxışında regionlar arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd edərək ölkələr arasında investisiyaların və işçi qüvvəsinin sərbəst hərəkətinin qarşılıqlı təşviqinin, balanslı və yumşaq enerji keçidinin təmin olunması istiqamətində əməkdaşlığın gücləndirilməsinin və innovativ maliyyə alətlərinin tətbiq edilməsinin əhəmiyyətini vurğulayıb.

Vaşinqtona səfəri çərçivəsində maliyyə naziri Samir Şərifov həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının Prezidenti Serhat Köksal, Bolqarıstanın Baş nazirinin müavini və maliyyə naziri xanım Lyudmila Petkova və BVF-nin icraçı direktoru Marsel Piter və onun əvəzedicisi Patrik Loşevski ilə ikitərəfli görüşlər keçirib və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Related posts

III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı