“Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının yeni tətbiqinə qoşulub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının yeni EAD (Electronic Advance Data – İlkin Elektron Məlumatlar) mobil tətbiqinə qoşulub.

Sürətli poçt rabitəsi xidmətləri (EMS) vasitəsilə xarici ölkəyə poçt göndərişi həyata keçirmək istəyən göndərici bu xidmətdən istifadə etməklə bir sıra üstünlüklər qazanır. Müştəri poçt şöbəsinə getməzdən əvvəl göndərəcəyi məhsul barədə məlumatları EAD mobil tətbiqinə əlavə edərək xüsusi şifrə əldə edir. Daha sonra poçt şöbəsinə yaxınlaşaraq müvafiq şifrəni poçt əməliyyatçısına təqdim etməklə göndərişi qısa bir zamanda göndərir.

Mobil tətbiqdən istifadə edərək gömrük bəyannaməsinin öncədən doldurulması xidmətin daha operativ həyata keçirilməsinə şərait yaradır.

Tətbiqdən yararlanmaq isə çox sadədir. Vətəndaşlar istifadə etdiyi sistemdən asılı olaraq tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə yükləyir. Daha sonra göstərilən boş xanalara müvafiq məlumatları (ingilis hərfləri ilə) daxil edir.

Yeni tətbiqin daha bir üstünlüyü ondan ibarətdir ki, müştəri təyinat ölkəsində hansı malların qadağan olunduğunu görə bilir və göndərilən məhsulun HS (Harmonized System – Uyğunlaşdırılmış Sistem) gömrük kodunu əvvəlcədən müəyyənləşdirir. Bu da gömrük baxışı zamanı problemlərin yaranmamasına, sürətli gömrük rəsmiləşdirilməsi aparılması və göndərişin ünvançıya gecikdirilmədən çatdırılması ilə nəticələnir.

Qeyd edilən xidmət ilkin mərhələdə Mərkəzi Poçt Şöbəsi, Poçt Daşıma Mərkəzi və Gəncə şəhərində yerləşən EMS məntəqələrində həyata keçirilir.

Bu gün “Azərpoçt” MMC Azərbaycan Respublikasının yeganə milli poçt operatoru olaraq həm fərdi şəxslərə, həm də biznes qurumlarına 1500-ə yaxın poçt şöbəsi vasitəsilə həftə içi hər gün, eyni zamanda şənbə, bazar və bayram günləri də xidmət göstərir. “Azərpoçt” MMC-nin fəaliyyətinin əsas məqsədi əhaliyə və müştərilərə yüksək keyfiyyətli poçt və maliyyə xidmətlərinin göstərilməsidir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı