“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) donanmanın uzunmüddətli modernləşdirmə strategiyası çərçivəsində yeni “Airbus A320neo” sərnişin təyyarəsini hava gəmiləri parkına əlavə edib.
BBN.az xəbər verir ki, yeni təyyarə sərnişinlərin rahatlığını maksimum səviyyədə təmin etməklə yanaşı, aviaşirkətin əməliyyat səmərəliliyini artıracaq və ətraf mühitə təsirini azaldacaq.
Müasir salon və komfortlu uçuş
“Airbus A320neo” müasir interyer və geniş imkanlarla təchiz olunub. Təyyarədə həm biznes, həm də ekonom sinif sərnişinləri üçün komfortlu şərait yaradılıb. Uçuş zamanı sərnişinlər əyləncə imkanlarından istifadə edə və vaxtlarını səmərəli keçirə biləcəklər. Təyyarədə sürətli internet xidməti də mövcuddur; biznes sinifi sərnişinləri və “AZAL Miles” proqramının müəyyən statuslu üzvləri Wi-Fi-dən pulsuz yararlana biləcəklər.
Strateji addım
Yeni “Airbus A320neo” AZAL üçün mühüm mərhələdir. Təyyarələr əməliyyat xərclərinin optimallaşdırılmasına, şirkətin regional bazardakı mövqelərinin güclənməsinə və Bakının Avropa ilə Asiya arasında hava qovşağı rolunun inkişafına xidmət edəcək.
AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib:
“Təyyarə parkının modernləşdirilməsi strategiyamızın əsas istiqamətlərindəndir. “Airbus A320neo” sərnişinlərimizə daha yüksək rahatlıq və xidmət səviyyəsi təqdim etməklə yanaşı, reyslərimizin ekoloji baxımdan daha səmərəli həyata keçirilməsinə şərait yaradacaq.”
Qeyd olunur ki, oktyabr ayının əvvəlində AZAL daha bir “Airbus A320neo” təyyarəsini donanmasına əlavə edəcək və 2032-ci ilə qədər ümumilikdə 30-dan çox yeni təyyarənin istismara verilməsi planlaşdırılır.
AZAL nüfuzlu “Skytrax” təşkilatının “4 Ulduz” reytinqinə malikdir və dəfələrlə “World Airline Awards” nominasiyasında “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir.
Dayanıqlı inkişaf
AZAL BMT-nin Qlobal Sazişinə qoşulub, ESG öhdəliklərini dərc edir və IATA-nın “CO₂ Connect” və “IEnvA” proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.