“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Daşkəsən rayonunda ekoloji tədbirlər həyata keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiəti qoruyaq, plastik tullantılara yox deyək!” devizi altında ekoloji aksiya və təlim keçirilib.

Aksiya çərçivəsində Səhmdar Cəmiyyətin əməkdaşları RİİB-in könüllüləri ilə birgə Gəncə-Daşkəsən iqtisadi rayonunun ən böyük su hövzələrindən biri olan Qoşqarçayın Daşkəsən rayonunun Quşçu kəndindən keçən hissəsində təmizlik işləri həyata keçiriblər.

Aksiya iştirakçıları tərəfindən çayın sahilləri boyu, təqribən 2 hektara yaxın meşə ərazisi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizlənib. Yığılmış tullantılar çeşidlənərək, təkrar emala yönəldilib.

Aksiyanın əsas məqsədi Qoşqarçayın sahillərinin tullantılardan təmizlənməsi, xüsusilə atılan məişət tullantılarının su hövzəsinin bioresurslarına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsidir. Bu xüsusda “AzerGold” QSC və RİİB-in mütəxəssisləri tərəfindən ekoloji maarifləndirmə təlimi də keçirilib. Təlim çərçivəsində təkrar emalın təşviq edilməsi, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, tullantılara ikinci həyat verməklə təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına töhfə verilməsi istiqamətində məruzələr dinlənilib.

Qeyd edək ki, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən dünya əhalisinin diqqətinin ekoloji problemlərə yönəldilməsi məqsədilə təsis edilən Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü bu il “Plastik çirklənmənin həlli yolları” mövzusuna həsr edilib. Hər il bu əlamətdar gün ərəfəsində “AzerGold” QSC, “Regional İnkişaf” İctimai Birliyi və digər tərəfdaş qurumların dəstəyi ilə ətraf mühitin və bioloji müxtəlifliyin qorunmasına töhfə verilməsi üçün birgə tədbirlər həyata keçirir.

Related posts

Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb

“Azexport” portalının dəstəyi ilə Naxçıvandan Efiopiyaya məhsul ixrac ediləcək

“İşğaldan azad olunmuş ərazilərimiz ölkə iqtisadiyyatına yenidən inteqrasiya olur”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı