Azexport.az Portalı – Made in Azerbaijan brendinin xaricə açılan pəncərəsi

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən böyük layihələrdən biri də Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın B2B formatında ən uğurlu milli bazarı olan Azexport.az portalının yaradılmasıdır. Portal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli Sərəncamı əsasında yaradılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqinə dəstək verir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün Azexport portalı ixracatçı sahibkarlara nəqliyyat, loqistika, ödəniş və sertifikatlaşdırma sahəsində dövlət dəstəyi göstərir. Portal yerli məhsullar haqqında məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformadır.

Prezident İlham Əliyev Azexport portalı ilə bağlı çıxışında qeyd edib ki, Azexport portalının yaradılması ilə “Made in Azerbaijan” brendi dünyada təbliğ edilir, qeyri-neft sektoru inkişaf edir. O həmçinin vurğulayıb ki, yeni ixrac bazarlarına çıxış təmin edilməli, ənənəvi ixrac bazarlarına daha geniş məhsulla çıxmalıyıq.

Azexport portalı həm tələbin təklifi həm də təklifin tələbi formalaşdırdığı unikal imkanlar yaradan platformadır. Belə ki, təklifin tələbi formalaşdırdığı istiqamətdə “Made in Azerbaijan” məhsullarının Portala yerləşdirilməsi nəticəsində xarici bazarlarda bu məhsullar barədə daha öncə heç bir məlumatı olmayan şəxslər portal və eyni zamanda onun inteqrasiya olunduğu platformalar vasitəsilə bu məhsullar barədə məlumat əldə edirlər və portala yeni ixrac sifarişləri daxil olur.

Tələbin təklifi formalaşdırması istiqamətində isə mövcud olan bir alət Google Market Finder alətidir. İstehsalçılar Google Market Finder vasitəsilə hansı ölkələrdən hansı məhsullara daha çox axtarış verildiyini görə bilir və onlar hansı məhsulun daha ixracyönümlü olduğuna qərar verə bilirlər və öz fəaliyyət istiqamətini aydınlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır