Bakı Atıcılıq Mərkəzində Para Trap idman atıcılığının inkişafı ilə bağlı görüş keçirilmişdir

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, Azərbaycan Banklar Assosiyasiyasının prezidenti Zakir Nuriyev, Assosiyasiyanın icraçı direktoru Yunus Abdulov və layihələr üzrə menecer Elçin Həsənov, Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin sədri və eyni zamanda Azərbaycan Para Trap İdman Atıcılığı Federasiyasının prezidenti Mirzə Məmməd Vəliyev, Bakı Atıcılıq Mərkəzinin direktoru Əjdər Abbasovun iştirakı ilə Paratrap atıcılığı idman növünün inkişafı ilə bağlı görüş baş tutmuşdur.

Milli Paralimpiya Komitəsinin prezidenti İ.Rəhimov ölkəmizdə fiziki məhdudiyyətli şəxslər və Qarabağ qaziləri arasında bu idman növünə olan marağın artmasını vurğulayıb. O, bildirib ki, para trap idman atıcılığının kütləviləşdirilməsi sahəsində işlər görülür, qazilərimizin idmana cəlb edilməsi üçün onlarla mütamadi olaraq görüşlər keçirilir. İ.Rəhimov vurğulayıb ki, gələcəkdə paralimpiyaçılarımız bu idman növündə ölkəmizi beynəlxalq yarışlarda təmsil edib üçrəngli bayrağımızı zirvələrə ucaldacaqlar.

Azərbaycan Banklar Assosiyasiyasının prezidenti Zakir Nuriyev ölkəmizdə idmana, xüsusilə paralimpiya hərəkatına olan dəstək və diqqəti qeyd edərək bu idman növünün də yaxın zamanda yüksək səviyyədə inkişaf edəcəyinə əmin olduğunu bildirdi.

Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin sədri və eyni zamanda Azərbaycan Para Trap İdman Atıcılığı Federasiyasının prezidenti Mirzə Məmməd Vəliyev görüş iştirakçılarına görülmuş işlər və gələcək fəaliyyət barədə məlumat vermiş və yaxın zamanda Azərbaycan idmançılarının beynəlxalq arenalarda iştirakını təmin etməyi prioritet məsələlərdən biri olduğunu vurğuladı.

Daha sonra Bakı Atıcılıq Mərkəzinin direktoru Əjdər Abbasov görüş iştirakçılarını idmançılar üçün yaradılmış şərait ilə tanış etmiş, paralimpiyaçıları bundan sonra da dəstəkləyəcəyini bildirmişdir.

Görüşün yekununda beynəlxalq dərəcəli hakim və eyni zamanda baş məşqçi Əfqan Əhmədov və məşqçi Cəlal Axundov iştirakçılara para trap atıcılığı barədə geniş məlumat vermiş və bu idman növünün incəliklərindən bəhs etmişdirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır