“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
BBN.az xəbər verir ki, fərmanın tələblərinə uyğun olaraq, daha bir dövlət qurumu – “Bakı Metropoliteni” QSC İT sistemlərini “Hökumət buludu”na köçürüb. Qurumun informasiya sistemləri və ehtiyatları qismən “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirilib.
“AzInTelecom” tərəfindən “Bakı Metropoliteni” QSC-yə Virtual server – IaaS (Infrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.