Bakı qlobal bahalılıq reytinqində 182-ci yeri tutub

Bakı şəhəri bahalılığına görə dünya reytinqində 182-ci yerdə qərarlaşıb. ABŞ-ın Nyu-York şəhərində yerləşən “Mercer” beynəlxalq konsaltinq şirkəti dünyanın 5 qitəsi və 209 şəhəri arasında apardığı reytinq araşdırmasında Azərbaycan 182-ci yerdədir.

Hesabata əsasən, 2017-ci ilin bahalılıq indeksi üzrə 1-ci yerdə Anqolanın paytaxtı Luanda şəhəri yer alıb. İlk onluğa həmçinin Honq-Konq, Tokio (Yaponiya), Sürix (İsveçrə), Sinqapur, Seul (C.Koreya), Cenevrə (İsveçrə), Şanxay (Çin), Nyu-York (ABŞ) və Bern (İsveçrə) şəhərləri daxil olub.

Moskva reytinq sıralamasında 14-cü, Dubay 20-ci, London 30-cu, Sankt-Peterburq 36-cı, İstanbul 142-ci, Kiyev 163-cü, Almata 175-ci yerdə qərarlaşıb. Ermənistan paytaxtı siyahıda 195-ci, Tbilisi 204-cü pillədədir.

Qeyd edək ki, ən ucuz 3 şəhər isə Skopye (Makedoniya), Bişkek (Qırğızıstan) və Tunis seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır