Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımaların həcmi bir milyon tonu ötüb – Türkiyənin nəqliyyat naziri

Türkiyə, Azərbaycan və Gürcüstanla birgə həyata keçirilən Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə bu vaxta qədər 1 milyon 470 min ton yük daşınıb.

BBN.az xəbər verir ki, bunu TurkicWorld-ə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, BTQ Asiya ilə Avropa arasında ticarət yollarından biri olan Orta Dəhlizin mühüm bir halqasıdır və Marmaray vasitəsilə Çin və Avropa arasında fasiləsiz dəmir yolu nəqliyyatını təmin edir.

“Hazırda BTQ vasitəsilə Rusiya, Gürcüstan, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Çinə yük daşımaları davam edir. Bu dəmiryolu ilə Türkiyədən sadalanan ölkələrə tikinti materialları, dəmir filizi, manqan, borax, məişət texnikaları, ərzaq məhsulları, təmizlik məhsulları, mərmər, kənd təsərrüfatı məhsulları daşınır. Eyni zamanda, bu ölkələrdən də Türkiyəyə taxıl, silisium, kağız, mis katod, sink, gübrə, kimya məhsulları və elektron mallar gətirilir”, – deyə o əlavə edib.

Uraloğlu onu da bildirib ki, hazırda BTQ ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında sərnişindaşıma məsələsi ilə bağlı işlər davam edir.

“BTQ-nin Gürcüstan ərazisindən keçən 246 kilometrlik dəmir yolunda sərnişin daşımaları üçün tikinti işləri davam edir. Bu işlər və sertifikatlaşdırma başa çatdıqdan sonra BTQ ilə sərnişindaşımalar başlayacaq. Türkiyə həm BTQ tutumunun artırılması, həm də yüklərin BTQ ilə yönləndirilməsi istiqamətində üzərinə düşən vəzifəni əminliklə yerinə yetirir. Bundan əlavə, Bakı-Tbilisi-Qars (BTQ) Orta Dəhliz dəmir yolu xəttindən həyata keçirilən dəmir yolu yük daşımalarında CIM/SMGS ortaq nəqliyyat sənədindən də istifadə olunmağa başlanıb”, – deyə nazir əlavə edib.

O, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatının təmin edilməsinin bütün türk dünyasını birləşdirəcək mühüm addım olacağına inadığını bildirib.

“Beynəlxalq nəqliyyat dəhlizləri nəzərə alındıqda, Orta Dəhliz məsafə və vaxt baxımından digər nəqliyyat dəhlizlərinə güclü alternativ kimi görünür. Türkiyənin 2023-cü il İnvestisiya Proqramına daxil edilmiş Qars-Naxçıvan dəmir yolu tikintisi layihəsinin texniki-iqtisadi əsaslandırılması başa çatıb və hazırda onun maliyyələşdirilməsi ilə bağlı danışıqlar davam etdirilir. Türkiyə olaraq, həm Azərbaycan, həm də digər türk dövlətləri ilə əməkdaşlığa hər zaman açığıq”, – deyə Uraloğlu vurğulayıb.

Xatırladaq ki, 850 kilometrlik Bakı-Tbilisi-Qars dəmiryolu 2017-ci ildə istifadəyə verilib. Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da artırır.

Related posts

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Serbiya ilə enerji əməkdaşlığının inkişafı müzakirə olunub

Kriptovalyutaların son 24 saatda qiymətləri necə dəyişib?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı