Bakıda “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə yekun tədbir keçirilib

“Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə Bakıda keçirilən ikigünlük yekun tədbir başa çatıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə təşkil edilən tədbir bu gün Qida Nəzarəti Sisteminin Qiymətləndirilməsinin Nəticələri üzrə Yüksək Səviyyəli Görüşlə yekunlaşıb. Görüşdə qida nəzarəti sistemi üzrə prioritet sahələr, strateji tədbirlər və gələcək fəaliyyətlər müzakirə olunub.

Yüksək Səviyyəli Görüşdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Milli Məclisinin, Qida Təhlükəsizliyi Agentliyinin, Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Səhiyyə Nazirliyinin (SN), Dövlət Gömrük Komitəsinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, FAO-nun, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) və digər qurumların nümayəndələri iştirak edib.

Görüşdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, ölkədə qida təhlükəsizliyi sisteminin institusional olaraq formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə, kənd təsərrüfatı və qida məhsullarının ixrac potensialının artırılmasına mühüm töhfələr verib. Görülən işlər qida sənayesi sektorunda müasir standartların tətbiqinə, istehlakçıların hüquqlarının müdafiəsinə və idxal-ixrac prosesi zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına müsbət təsir göstərib. Eyni zamanda ötən dövrdə qida zənciri üzrə həyata keçirilən nəzarət və tənzimləmə tədbirlərinin nəticələri təhlil edilib, qida məhsullarının təhlükəsizliyinin təmin olunması sahəsində qabaqcıl beynəlxalq təcrübədə mövcud olan yanaşmalar öyrənilib və tətbiqinə başlanılıb. Qida təhlükəsizliyi sisteminin qurulması istiqamətində hazırkı dövrdə prioritet kəsb edən məsələ yeni çağırışlar əsasında mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq tələblərə tam uyğunlaşdırılması və yekun məhsulların təhlükəsizliyi səviyyəsinin yüksəldilməsidir ki, bu istiqamətdə də müvafiq tədbirlər görülür.

Q.Təhməzli qeyd edib ki, bu çərçivədə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Proqramın icrası ilə əlaqədar Agentlik tərəfindən ölkədə insan, heyvan və bitki sağlamlığı üçün təhlükə törədən müvafiq risklərin idarə edilməsi, biotəhlükəsizliyin qorunması və təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn 15 qayda layihəsi hazırlanıb və təsdiq olunub. Agentliyin Kollegiyasının müvafiq qərarları ilə bir sıra texniki normativ hüquqi aktlar qəbul edilib, bir sıra texniki normativ hüquqi aktlara dəyişiklik olunub. AQTA sədri həmçinin idxal-ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi, respublikanın biotəhlükəsizliyinin təmin edilməsi, xüsusi təhlükəli xəstəliklərlə mübarizə, Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi, sağlam qidalanmanın təşviqi, sahibkarlarla iş, yerli və beynəlxalq təşkilatlarla, eləcə də müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq, ölkəmizdən Avropa İttifaqına fındıq məhsullarının ixracı sahələrində həyata keçirilən işlər, eləcə də AQTİ-nin fəaliyyəti barədə görüş iştirakçılarını məlumatlandırıb. Həmçinin bildirib ki, ötən 5 il ərzində müasir qida təhlükəsizliyi sisteminin qurulması ilə bağlı görülən işlərin və sistemin qiymətləndirilməsinin aparılması AQTA üçün çox önəmli olub. Çünki növbəti atılacaq addımlar, təkmilləşdirilməli olan sahələrdə əldə ediləcək nəticələr Agentliyin fəaliyyətinin daha da səmərəli təşkilinə kömək göstərəcək.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışı zamanı vurğulayıb ki, KTN “dəyər zənciri” prinsipini tətbiq etməklə insan qidası üçün tam təhlükəsiz ərzaq məhsullarının “tarladan süfrəyə” çatdırılması işində bilavasitə iştirak edir. Bitki və heyvan sağlamlığı nazirliyin daim diqqət mərkəzindədir. Qida zəncirinin ilk həlqələrində məhsuldar heyvanların sağlamlığına töhfə verən yüksək keyfiyyətli heyvan mənşəli qida məhsullarını əldə etmək üçün bütün preventiv tədbirlər görülür.

Səhiyyə naziri Teymur Musayev diqqətə çatdırıb ki, qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını alır və səhiyyə sistemini mümkün təhdidlərdən qoruyur. Qida təhlükəsizliyi sisteminin effektivliyi isə bütün maraqlı tərəflərin ehtiyaclarına yönəlik vahid missiyanın mövcudluğundan başlayır. Bu baxımdan AQTA ilə SN əhali arasında  müxtəlif maarifləndirmə tədbirləri keçirir, xüsusən də məktəblilər arasında düzgün qidalanmanın təşviqinə dair birgə tədbirlər icra olunur.

Milli Məclisin Aqrar siyasət komissiyasının sədri Tahir Rzayev bildirib ki, son illərdə ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılması və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə olunub. Respublikada əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması, qida sənayesinin daha rəqabətli və beynəlxalq bazarlarda daha nüfuzlu olması istiqamətində addımlar atılıb.

Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov vurğulayıb ki, son illərdə “qida” anlayışı köklü transformasiyaya uğrayaraq, yalnız qida qəbulu ilə bağlı deyil, həm də sağlamlığın, psixo-fiziki rifahın qorunmasında və bəzi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayan faktora çevrilib. Həmçinin qida təhlükəsizliyi sahəsində dünya miqyasında yeni çağırışlar meydana gəlib. Dünyada qida təhlükəsizliyi əhəmiyyətli məsələyə çevrilib, bu sahədə müvafiq qurumlar yaradılıb. Ölkəmizdə də bu istiqamətdə mühüm addımlar atılıb və nailiyyətlər əldə olunub.

Tədbirin çox əhəmiyyətli olduğunu önə çəkən FAO-nun ölkəmizdəki nümayəndəsi Nasar Hayat qeyd edib ki, milli qida nəzarəti sistemi istehlakçıların sağlamlığının qorunmasında və qida məhsullarının ticarəti sahəsində ədalətli təcrübənin təmin edilməsində mühüm rol oynayır. Bu sistem hər bir ölkədə səhiyyənin səviyyəsi, hüquqi və institusional baza və analitik resurslar da daxil olmaqla, dəstək xidmətlərinin mövcudluğu kimi xüsusi şərtlərdən asılıdır. Sistemin öz funksiyalarını səmərəli şəkildə yerinə yetirə bilməsi həm də onun daha da gücləndirilməsinin planlaşdırılması, yeni bazarların və ticarət əlaqələrinin inkişafı, eləcə də daxili bazarda etimadın yaradılması üçün mühüm siqnaldır.

Daha sonra Agentliyin və FAO-nun nümayəndələri təqdimatlarla çıxış edib, müzakirələr aparılıb, qida nəzarəti sisteminin qiymətləndirilməsinin ölkəmizdə bu sahənin təkmilləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.

Qeyd edək ki, “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə yekun tədbirin ilk günü FAO və ÜST-nin alətindən istifadə etməklə Qida Nəzarəti Sisteminin Qiymətləndirilməsinin Nəticələri üzrə Texniki Görüş keçirilib. Görüşdə qida nəzarəti sistemi üzrə prioritet sahələr və strateji tədbirlər müəyyənləşdirilib.

Onu da bildirək ki, “Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” adlı layihə çərçivəsində ölkəmizdə aparılan qiymətləndirmə nəticəsində respublikamızdakı mövcud qida təhlükəsizliyi sistemi üzrə FAO-nun və ÜST-nin müəyyənləşdirdiyi ideal sistemlərin 25 səriştəsinin (kompetensiya) nəzərə alındığı və işlək olduğu aşkarlanıb. Bu isə mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standart və tələblərə uyğunluğunu göstərir. Layihəyə cəlb edilən beynəlxalq ekspertlər isə qiymətləndirmə prosesində əldə olunan nəticələrdən çıxış edərək ölkəmizdə qida təhlükəsizliyi sistemində böyük nailiyyətlərin əldə olunduğunu bildiriblər.

Related posts

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bakı Fond Birjası Dünya Fond Birjaları Federasiyasının illik yığıncağında iştirak edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı