Bakıda “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” keçirilir

Mayın 21-də Bakıda Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” öz işinə başlayıb. 

Üç gün davam edəcək forumda AİB-ə üzv olan ölkələrin və beynəlxalq maliyyə qurumlarının dövlət borcunun idarə edilməsi sahəsində 100-dən çox yüksək vəzifəli nümayəndələri və ekspertləri iştirak edir.

Forumun gündəliyinə “Mövcud makroiqtisadi şəraitdə borcun idarə edilməsi üzrə effektiv strategiyalar”, “Borcun idarə edilməsi və monetar siyasətin effektiv əlaqələndirilməsinin əsası”, “Dövlət borcunun idarə edilməsinə nəzarət” və digər məsələləri əhatə edən sessiyalar daxildir.

Asiya İnkişaf Bankı tərəfindən hər il seçilmiş üzv ölkə ilə əməkdaşlıq çərçivəsində keçirilən “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu”nun təşkil edilməsində məqsəd dövlət borcunun idarə edilməsi sahəsində qabaqcıl təcrübələrin üzv ölkələrin nümayəndələri ilə paylaşılmasını təmin etməkdir.

Forumun açılışında çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə dövlət maliyyə idarəetməsi, o cümlədən dövlət borcunun idarə olunması sahəsində həyata keçirilən islahatlar, dövlət borcunun idarə edilməsi strategiyası, habelə Azərbaycan Respublikasının bu sahəyə ayırdığı diqqət barədə forum iştirakçılarını məlumatlandırıb. Nazir qeyd edib ki, həyata keçirilən islahatların və dövlət borcunun idarə edilməsi üzrə orta və uzun müddətli strategiyanın icra edilməsi nəticəsində Azərbaycan Respublikasında xarici valyutada denominasiya edilən dövlət borcunun səviyyəsi 17 faiz azaldılaraq cari ilin əvvəlinə ölkə ÜDM-in 19 faizinə bərabər olub. 

Forum haqqında ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

Forum işini panel iclaslarla davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır