Bu gün paytaxtda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) öz işinə başlayıb. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təşkil olunan tədbir sabah yekunlaşacaq.
Forumda dövlət və hökumət nümayəndələri, yerli və xarici biznes dairələrinin təmsilçiləri, eləcə də beynəlxalq investorlar iştirak edirlər. Proqram çərçivəsində bir sıra əməkdaşlıq memorandumlarının imzalanması planlaşdırılıb.
Tədbirdə Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov ölkə başçısı İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciəti çatdıracaq.
AIIF 2025 Şərqlə Qərbin kəsişməsində yerləşən ölkələrin investisiya perspektivlərinin müzakirəsi, qlobal ticarətin gələcəyi və dayanıqlı təchizat zəncirlərinin formalaşdırılması baxımından mühüm platforma rolunu oynayır. Forum iştirakçıları yeni rəqabət mühitinə dair biliklərini artırmaqla yanaşı, strateji tərəfdaşlıqlar qurmaq, sazişlər imzalamaq və əməkdaşlıq imkanlarını genişləndirmək şansı əldə edəcəklər.