Bakıda II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi açılıb

Noyabrın 22-də Bakı Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi (RecExpo II) açılıb.

Sərginin açılış mərasimində Milli Məclis deputatları, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edib.

Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan, Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunub.

Sərginin işinə uğurlar arzulayan ƏMDK-nın sədri Kərəm Həsənov bildirib ki, “RecExpo II” mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir.

Bildirilib ki, sərginin 2-ci günü – noyabrın 23-də Bakı Expo Mərkəzində “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda konfrans keçiriləcək.

Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid prestijli şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayıb. Azərbaycan daşınmaz əmlak sektorunun nəhənglərindən olan “Baku White City”, “Xəyal Adas”ı, “Dreamland”, “AAF Park”, “AF Holding”, “Şərur İnşaat”, “Kristal Abşeron”, “Azinko” və “Yeni Həyat” şirkətləri də sərginin önəmli iştirakçılarındandır.

Noyabrın 24-dək davam edəcək sərgi saat 10-dan 18-dək ziyarətçilərə açıq olacaq.

Qeyd edək ki, “RecExpo II” ziyarətçiləri özəl endirimlər və sürprizlər də gözləyir.

Mənbə: azertag.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır