Bakıda IX Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

“Azərbaycanda sığorta: trendlər və imkanlar” mövzusunda IX Azərbaycan Beynəlxalq Sığorta Forumu (“AIIF-2019”) öz işinə başlayıb.

BBN.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin təşkilatçılığı və İcbari Sığorta Bürosunun (İSB) dəstəyi ilə baş tutan tədbirə yerli və xarici sığorta şirkətlərindən, beynəlxalq maliyyə institutlarından nümayəndələr qatılıb.

Forum çərçivəsində Azərbaycanın sığorta bazarındakı mövcud vəziyyət və investisiya imkanları, icbari sığorta bazarı, sığortalıların imkanlarının və hüquqlarının genişləndirilməsi, tibbi sığorta sahəsində dayanıqlı ekosistemin qurulması, Azərbaycanda sığorta təminatının təkmilləşdirilməsi, o cümlədən sığorta bazarında rəqəmsal texnologiyaların tətbiqi və digər mövzular üzrə ətraflı məlumatlar təqdim olunacaq, panel müzakirələr aparılacaq, İSB sığorta hadisələrinin idarə edilməsi sisteminin (HİS) təqdimatını keçirəcək.

Bundan başqa, tədbirdə MBNP, Təhsil Nazirliyi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, ASA və İSB arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır